Nizami rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimi valideynlərin və çağırışçıların ruh yüksəkliyi ilə keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən rayonun hərbi komissarı Rövşən Babayev, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Milli Məclisin deputatı Rasim Musabəyov, həmçinin, çağırışçıların valideynləri müstəqil respublikamızda ordu quruculuğundan, bu sahədə aparılan uğurlu islahatlardan danışıb və bu şərəfli yolda gənclərə müvəffəqiyyətlər arzulayıblar.
Bildirilib ki, bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Bu yaxınlarda ordumuzun cəbhədə düşmənə layiqli cavabı bunu bir daha sübut etdi.
Mərasim iştirakçıları vurğulayıblar ki, gənclər ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə yaxından yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Çağırışçılar da çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər. Onlar hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiklərini bildirib, Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz veriblər.
Sonra gənclər mərasim iştirakçılarının xeyir-duası ilə müqəddəs Qurani-Kərimin və üçrəngli bayrağımızın altından keçərək hərbi hissələrə yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB