Müstəmləkəçiliyin ən doğru ifadəsi QƏRBLƏŞDİRMƏK

Vəli VƏLİYEV
Müstəmləkəçiliyin ən doğru ifadəsi QƏRBLƏŞDİRMƏK

Müstəmləkəçilik bütün zamanlarda iri dövlətlərin, imperiya ambisiyalı xalqların ən ali məqsədlərindən biri olub. Və indi də bu aktuallığını itirməyib. Lakin müasir dövrümüzdə heç bir xalq, dövlət müstəmləkəçi kimi açıqdan-açığa mövqe ortaya qoymur. İndi güclü dövlətlər zəif ölkələrə hücum edib torpaqlarını işğal etmir, torpaqlarını zəbt edib, insanlarını qətlə yetirmir. Bunun üçün çox sivil üsullar tətbiq olunur. Bu yazımızda işğalçılığın, müstəmləkəçiliyin nadir, gözlə çox az sezilən, bəzən heç görünməyən üsullarını çozməyə çalışacağıq.

Bu yollardan birincisi QƏRBLƏŞDİRMƏKdir. Bunun üçün Qərb layihəçiləri çox incə bir üsul seçiblər. Öz işlərini insanların daha çox maarifləndiyi, mütaliyə etdiyi, xəbər əldə etdiyi informasiya vasitələri üzərindən qururlar. Qərblilər bir ölkəyə sahib olmaq istəyirsə öncə onun mətbuatını ələ keçirir. Bu, üçüncü dünya ölkələrində daha asan tətbiq olunur. Sosioloq Jeremi Tunstallın verdiyi məlumata görə, əksər III dünya ölkələrinin aparıcı KİV-ləri Anglo-Amerikalıların əlində cəmləşib. Onlar bir qayda olaraq həmin KİV-lərin siyasətini müəyyənləşdirirlər. Aparılan incə siyasət insanların beynində Qərbləşmə təbliğatını qurur və hamar yollarla insanlar arasında yayır. Xəbər istehlakçıları heç nədən şübhələnmədən həmin "tikəni" həzmi-rabeədən keçirirlər. İnformasiyaların yaratdığı bu asılılıq Qərbləşdirmə siyasətçilərinin işinə yarayır.

İkinci bir üsul III dünya ölkələrində Qərbyönümlü məktəblərin açılmasıdır. Həmin məktəblərin tədris proqramlarından tutmuş davranış qaydalarına qədər, hər şey Qərbin standartlarına uyğunlaşdırılır. Milli adət-ənənələrin tədrisi-təbliği məktəb proqramlarından çıxarılır. Beləliklə, məktəbli hələ kiçik yaşlarından özündən, milli kimliyindən kənar düşür, bir meddətdən sonra yadlaşır.

Üçüncü və ən çevik təsir üsulu reklamlardır. Bunu da əsasən qərbyönümlü, daha çox Qərbin pulu ilə dövriyyəyə girən reklam şirkətləri təqdim edirlər. Məsələn, İndoneziya, Pakistan, Tayland, Malayziya, Nigeriya, Qana, Keniya, Kolumbiya və Peruda olan reklam agentliklərinin ən böyükləri Amerikalıların mülkiyyətindədir.

Hindistan, Meksika və Argentinada öncül reklam şirkətlərinin beşdə üçünün idarəçiliyi də yenə amerikalıların əlindədir. Bunlar işlərində Qərb üsullarından istifadə, Qərbdən mənimsənilən imiclər verməklə insanları buna alışdırırlar.

Oxşar yanaşmaya hökumət əliylə yayılan reklamlarda da rast gəlmək mümkündür. Buna bir maraqlı misal gətirək: İranda ailə planlaması ilə əlaqədar olaraq edilən bir reklam posterinin üzərində iki ailənin görünüşünə yer verilib. Bu ailələrdən biri ana-ata və iki uşaqdan ibarətdir və varlı olduqları geyimlərindən, duruşlarından bəllidir. Kefləri də öz yerində. İkinci ailə isə çoxuşaqlıdır. Üstlərindən kasıblıq yağır, bir sözlə çox bədbin görünürlər. Bu reklamı verməkdə mesaj budur: Zəngin olmaq, bir qərbli kimi yaşaya bilmək istəyirsənsə, iki uşaqdan çoxunu dünyaya gətirmə. Əksinə, çox uşaq sahibi olursan vəziyyətin bərbad olar. Ağlını başına yığ. Sonra peşman olarsan. Nəticə, heç nədən şübhələnməyən gənc ailələr isə maddi çətinliklərin səbəbini çox uşağın olmasında görüb dünyaya yalnız iki uşaq gətirməyi qərara alırlar. Getdikcə ailələrdə uşaqların sayı azalır, sonda millətin sayı azalır. Bir sözlə bu reklamın yayılmasında maraqlı olan qüvvələr topsuz-tüfəngsiz bir millətin sayını minimuma endirir, ən nəhayət soy-kökünü kəsirlər.

Əslində reklamlar vasitəsilə xalqların milli adət-ənənəsini, davranışını, ailəsini alçaldıcı bir vəziyyətə salmaqla insanları qərbləşdirməyə bir az da yaxınlaşdırırlar.

Qərb həyat tərzi öz hakimiyyətini əyləncə dünyasında da möhkəmləndirməkdədir. Qərbdə çəkilən filmlər üçüncü dünya ölkələrindəki böyük şəhərlərin kinolarında göstərilməkdədir. Bu rolu televiziyalar daha çevik oynayır. Göstərilən filmlərin böyük bir qisimi Amerika istehsalıdır ... Məsələn, "Havay Fiveo" adlı amerika filmi 47 ölkəyə satılıb, altı ayrı dilə dublaj edilib. Statistikaya görə, "Bonanza" serialının 350 milyona yaxın tamaşaçısı var. Halbuki, ABŞ televiziyalarında xarici filmlərin payı yalnız 2%, İngiltərədə isə 12% -dir.

Afrika və Ərəb ölkələrində vəziyyət fərqli deyil. Zambiya televiziyada göstərilən filmlərin 64%-i, Misir 41%-i xarici istehsaldır.

Nəticə, heç də ürəkaçan deyil. Üçüncü dünya ölkələrini yağlı tikə kimi həzm edən Qərbin menyüsündə daha kimin olacağı hələlik bəlli deyil. Xalqlar kimliyini qoruya bilmədikcə menyülərdə həmişə birinci yazılacaqlar. Qərb yaponlara qaşıq-çəngəl "mədəniyyətini" öyrədə bilmir. Onlar hələ də dədə-baba qaydası ilə iki taxta çubuğun vasitəsilə həm sulu, həm də quru yeməkləri çox asanlıqla yeyə bilirlər. Üstəlik Qərbə də çubuqları necə tutmağı öyrədirlər. Niyə? Çünki yaponların kökə bağlılığı çox dərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə