Türkiyə Prezidenti bəyanat verdi

Rəcəb Tayyib Ərdoğan hadisəni Türkiyə əleyhinə propaqanda adlandırıb
Türkiyə Prezidenti bəyanat verdi

"Bu hadisə terror qruplaşmalarının məsum sakinləri qana bulayan qaranlıq simalarını bir daha üzə çıxarır. Bu hücumun heç bir xüsusi məqsədi yoxdur, sadəcə günahsız insanların qanı, əzabı hesabına ölkəmizə qarşı propaqanda yaratmaq istəyirlər". Bunu İstanbulun Atatürk hava limanına edilmiş terror hücumundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi bəyanatında deyib.

Dövlət başçısı Türkiyənin terror təşkilatları ilə bağlı mübarizənin acı nəticəsini görməsinə baxmayaraq, bu yoldakı mübarizəni sona qədər davam etdirəcəyini deyib: "Hər kəs bundan əmin olsun. Terror təşkilatları üçün İstanbul ilə Londonun, Ankara ilə Berlinin, İzmirlə Çikaqonun, Antalya ilə Romanın heç bir fərqi yoxdur. Əgər bütün dövlətlər və insanlar əl-ələ verib terror təşkilatlarına qarşı mübarizə aparmasaq, bu gün ağlımıza gətirməkdən belə qorxduğumuz ehtimalların hamısı bir-bir reallaşacaq. Dünyanın xüsusilə də Qərb ölkələrinin rəhbərləri, parlament üzvləri, mediası, qeyri-hökumət təşkilatlarından terror təşkilatlarının bu oyununa qarşı sərt mövqe nümayiş etdirməsini gözləyirik".

Qeyd edək ki, İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən partlayışda 32 nəfər həlak olub, 70-də çox yaralı var. Onlardan 6-nın vəziyyəti ağırdır. Hadisədə azərbaycanlıların xəsarət alıb-almaması barədə məlumatlar dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə