"Narkotiklərdən istifadə məktəbli yaş həddinə düşüb" MÜTƏXƏSSİS RƏYİ
Cəmiyyəti narahat edən əsas problemlərdən biri narkomaniyadır ki, "ağ ölüm" adlanan bu bəla təkcə insanların sağlamlığına deyil, eləcə də onların yaxınlarına və sevdiklərinə əzab verir. Burada ən faciəli məqam gələcəyin anası olan qadınların "ağ ölümə" doğru getməsidir. Narkotik əsirinə çevrilən qadınları bu yola addım atmağa nə vadar edir? Hansı psixoloji problemlər qadınları narkotik vasitələrin ağuşuna ata bilər? SİA bu suallara cavab tapmağa çalışıb.
Psixoloq Fərəh Quliyevanın sözlərinə görə, təəssüf ki, statistikada bu mövzu ilə bağlı göstərici heç də ürək açan deyil: "Həyat bizə verilə biləcək ən gözəl hədiyyəsini yaşamla edir. Bəzən özümüzü aldadaraq bunun tükənməz olduğunu düşünür, bəzənsə gözəlliklərinin fərqinə varmadan özünü məhv edən insanlar da görürük. Niyə xanımlarda bu mənfi vərdişə meyl artıb? Bəzən xanımlar həyatın sınaqlarına o qədər qorxunc yanaşırlar ki, özlərini bu sondur, həlli mümkün deyil, həlli olsaydı mənə gəlməzdi kimi düşüncələrə, dərin neqativ emosiyaya kökləyirlər. Problem o zaman həllini tapır ki, sən onun fərqində olub, şikayət və günahlandırmaqdansa, onun həlli üçün cəhdlər edəsən. Elə bir problem sıxıntı yoxdur ki, onun həlli və çıxış yolu olmasın. Yalnız ümidsizliyə qapılan insanlarda mümkün deyil, həlli yoxdur kimi düşüncələr olur. Ən qorxulu ifadə elə budur. Ümidsizlik, tükənmişlik, sıxıntıdan çıxa bilməmə düşüncəsi, ağlamağa meyl etmə, evə qapanma, bütün doğmalarından kənarlaşmalara, depressiyaya gətirib çıxarır. Depressiyadan çıxış yolunu düşünə bilməməyi yenidən özünə seçim edərək, hər hansı bəlli olmayan "köməkçi" vasitələri axtarmağa başlayır. Lakin həmin şəxslər bu dönəmdə ətrafdakı dostlarla ünsiyyətdə olmalı, özünü onlara anlatmalı, ətrafdakılar da həmin şəxsə psixoloqa getməyi məsləhət görməlidirlər. Lakin bir çox hallarda həmin şəxslər öz doğma və sevimli dostlarından asanlıqla imtina edib yeni və tanımadığı insanlara üz tutaraq onlardan kömək istəyirlər. Beləliklə özlərinə tükənmiş və daha da ağır vəziyyətdə olan insanların əhatəsinə atmaqla ağır faciələrə yol açırlar. Ümumiyyətlə, düşüncə və duyğular davranışa təsir edən əsas amillərdən sayılır. Qadınlar narkotik vasitələrə əl atmaqla onu narahat edən düşüncədən bir anlıq ayrılmağa cəhd edirlər. Lakin onları "rahatladan" hissin müddəti getdikcə qısalır və o yenidən o narkotik maddələri seçmək məcburiyyətində qalır. Beləliklə də asılılıq problemi yaranır ki bu da nəticədə etibarı ilə özünü məhvə gətirib çıxarır. Yıxıldım deyən insan əslində yıxılan deyil, sadəcə yıxılmaqdan qorxaraq ətrafdakılarına mesaj ötürməklə onlardan yardım istəyən şəxsdir. Belə insanlara gec olmadan yardım etmək lazımdır. Gec olduqda narkoloji dispanserlərə üz tutulmalıdır. Orada məxfilik tam qorunur. Bir insan məxfiliyinin qorunmasını istəyirsə, demək şəxsiyyətinin alçalmasından qorxur. Bu isə yaxşı göstəricidir və həmin şəxsə yardım etməklə onu həmin vəziyyətdən çıxarmaq mümkündür.
Çox təəssüf əvvəllər narkoman olub, sonradan sağlamlığına qovuşan insanlara qarşı cəmiyyətdə fikir ayrılığı var. Bir çox hallarda həmin insanlar kənarlaşdırılır, keçmişləri haqqında fikirlər söylənilir. Həmin insanlar da sağalmaq, cəmiyyətə inteqrasiya etmək istəyirlər. Belə olan halda, onlara qarşı həssas davranmalı, keçmişləri ilə bağlı onları incidəcək sözlər deməməli, onları özümüzdən kənarlaşdırmamalı əksinə faydalı olmağa çalışmalıyıq. Hər birimiz cəmiyyətin bir parçasıyıq bunu bölməyə haqqımız yoxdur".
Psixoloq Təhminə Çələbi bildirib ki, "ağ ölümə" aparan ilk yol insanın müəyyən məqamlarında narkotik maddələrə olan marağıdır. İnsan məcburi şəkildə də narkotik aludəçisinə çevrilə bilər. Bu da əlbəttə narkotik vasitələrdən olan asılılıq şəraitində baş verir. Təbii ki burada da qabaqlayıcı tədbirlər qarşıdakı bəlalardan qurtara bilər. Bəzən narkomaniyadan qurtuluşun olmadığı söylənir. Lakin mən bu fikirlə razı deyiləm. Ola bilər ki, bunun üçün illər keçsin, lakin sonda ondan qurtulmaq mümkündür. Bəzi xanımlar emosiyaları daha fərqli yaşamaq, kompleksləri aradan qaldırmaq üçün qanunsuz yolla satılan, eləcə də psixoloji xəstələr üçün nəzərdə tutulan müəyyən dərman preparatları qəbul edirlər. Belə həblərin qanunsuz satışına qadağa qoyulsa, o zaman müraciət edənlərin sayı da azalmağa başlayar. Çünki, müraciət edənlərin əksəriyyəti bu problemin qurbanı sayıla bilər. Müraciət edənlərin məxfiliyi qorunur. Lakin onlar arasında yeniyetməlik yaşında olan xanımların olması təəssüfləndiricidir. Hansı ki, həmin xanımlar maraq üçün həmin həblərdən istifadə etməklə, asılı vəziyyətə düşüblər. Son zamanlar narkotik vasitələrdən istifadə ilə bağlı yaşın məktəbli həddinə düşməsi valideynləri bu məsələdə diqqətli olmağa vadar edir. Müəyyən yaş dövründə qızlar özünə qapanır, özünü bəyənmirsə, o zaman valideynlər daha diqqətli olmalıdırlar. Belə halda, yeniyetmənin hər hansı bir dostu bu cür həblərdən istifadəni məsləhət etməklə onu həm psixoloji, həm maddi, həm də bioloji cəhətdən asılı olmasına səbəb ola bilər. Bəzən valideynlərdə övladlarını müdafiə mexanizmi olur ki, bu cür hallarla rastlaşdıqda belə onu özlərinə yaxın buraxmaq istəmirlər. Bunun qarşısı zamanında alınmalıdır. İlkin mərhələdə psixoloji yardımlar vasitəsilə problemi həll etmək mümkündür. Lakin müəyyən vaxt keçdikdə artıq həmin şəxsləri xəstəxanaya yerləşdirmək və ya daha çətin yollara əl atılır. Narkotik maddə qəbul edən insanın bədənində ağrılar, əsəbilik varsa, o zaman həmin şəxs mütləq şəkildə müalicəyə üz tutmalı və həmin şəxs ailə üzvləri ilə birgə psixoterapiyadan keçməlidir. Burada çox şey ailənin mövqeyindən asılıdır. Bəzən ailələrin anormal mövqeyi uşaqların evdən qaçması ilə nəticələnə bilir. Lakin ailə bu cür hallarda daha sakit, həmin şəxsə dəstək olmalıdır. Qarşımızdakı insan istənilən şəraitdə müalicə olunmalıdır və ona qarşı aqressiv münasibətlər həmin şəxsləri daha da uçuruma apara bilər. Bu problemlərin qarşısının alınması üçün psixoterapiya əsas şərtdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB