Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyun Lənkəranda səfərdə olub. SİA-nın Cənub bürosunun məlumatına görə, səfər çərçivəsində koreyalı səfir iyunun 24-də "Yaşıl çay" Fermer Təsərrüfatı MMC-yə də baş çəkib. Təsərrüfatın rəhbəri Araz Yağubov hörmətli qonağı salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Çay süfrəsi arxasında baş tutan söhbət əsnasında bildirib ki, sovetlər dönəmində burada böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan "Yaşıl çay" fermer təsərrüfatında 2011-ci ildən başlayaraq yüksək məhsuldarlığı və keyfiyyəti ilə seçilən "Kolxida" sortlu çay plantasiyaları salınıb. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. Bu il artıq birinci yığım başa çatıb. Hazırda ikinci yığıma start verilib. Yığılan çayın bir qismi yerli emal sexinə, qalanı isə 1 nömrəli çay fabrikinə təhvil verilir. Təsərrüfat başçısı "Kolxida" sortunun "Hind-Çin" sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini xüsusi qeyd edib. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu bildirib. A. Yağubov çay emalı prosesində Cənubi Koreyada tətbiq edilən texnologiya ilə tanış olmaq üçün cari ilin sentyabr-oktyabr aylarında bu ölkəyə səfər etmək istədiyini də diqqətə çatdırıb
Səfir Kim Çanq-Qyun xoş qarşılandığına görə məmnun qaldığını, burada plantasiyalara qulluğun yüksək səviyyədə olması ilə diqqəti cəlb etdiyini bildirib. Əlavə edib ki, burada istehsal edilən ekoloji təbii məhsulun xarici bazarlara, xüsusən də Avropa bazarlarına çıxarılması üçün hər cür şərait var və bu bazarda yer tutmaq üçün Avropa standartlarına diqqət yetirlməsi çox vacibdir. Sonra səfir Cənubi Koreya və Azərbaycanda xüsusi çay ənənələrinin mövcudluğundan danışıb və bu ənənələri hər iki xalqın ortaq dəyərlərə sahib olduğunun göstəricisi kimi qiymətləndirib.
Plantasiyalarla tanış olan səfir çaybecərənlərlə xatirə şəkili çəkdirib.
Axırda qonaqlara "Yaşıl çay" FT MMC-nin istehsalı olan çay məhsulları və "Yaşıl çay" jurnalı təqdim olunub. Səfir də öz növbəsində təsərrüfatın rəhbəri A.Yağubova xüsusi hədiyyə təqdim edib.
Sərraf Talıbov












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB