26 İyun - Silahlı Qüvvələr günü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və tanınmış incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanan, Müdafiə Nazirliyinin Füzuli rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəliblər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gedərək, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıblar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı qeyd edib ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.
Səfər çərçivəsində görüşdə iştirak edən Füzuli və Xocavənd rayonlarının icra başçıları da əsgərləri bayram münasibətilə təbrik edib, Vətənin müdafiəsində onlara uğurlar arzulayıblar.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, eyni zamanda qonaqlara öz təşəkkürünü bildirib.
Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbirdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB