Boşanmaların artması narahatedici həddə çatıb. Azərbaycan xalqının minillərlə formalaşmış ailə modeli dağılır. Təkcə ötən il boşanma üçün məhkəmə müraciət edən ailələrin sayı 12 mini keçib. Ailələrin dağılmasının bir çox səbəbləri var. Bu sırada müasir informasiya kommunikasiya vasitələri, sosial şəbəkələrin xüsusi yeri var. Bunu keçirilən məhkəmə işlərinin analizləri də təsdiq edir. Boşanmaların qarşısını necə almaq olar? Sağlam ailə modelini qorumaq mümkündürmü? Müsahibimiz Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü, psixoloq Elnarə Eminovadır.
- Ailələrdə boşanmalara bir səbəb deyil, bir çox səbəb olan amilləri irəli sürmək olar. Bu qarşılıqlı anlaşılmazlıq, alyans pozuntusu, soyuqluq, xəyanət və ən əsası 3-cü şəxsin ailəyə müdaxiləsi də səbəblər sırasındadır. Gəlin etiraf edək ki, əsrin bəlası olan sosial şəbəkələrdə saatlarla olmaq, zaman keçirmək ailədə problemlər yaratmaqdadır. Çünki hər kəs sosial şəbəkələrə informasiyanı təkmilləşdirmək üçün daxil olmur. Qurulan ailələrdə bu birbaşa ünsiyyətsizlik problemini ortaya çıxardır. Zaman-zaman bunun da qabarıq şəkildə olması son damla olan boşanmaya səbəb olur. Çünki həm xanım həm əks cinsdə qısqanclığın ərsəyə gəlməsi qaçınılmaz olur. Qarşı tərəfin qısqanclıqdan koqnesiyası yəni (davranışı) pozulur və bu səbəbdən hərəkətlərinə cavabdeh ola bilmir. Buda ailədə şiddətə kimi yol açır.
-Sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?
-Sağlam ailə modeli ilk öncə qarşılıqlı istək və hörmətdən qaynaqlanır. Evlənən cütlüklər kənar şəxslərin diktəsi ilə deyil öz şəxsi seçimlərinə arxayın olmalıdırlar. Özünü dərk edib özünəgüvənəndən sonra hər bir şəxs bu addımı atmalıdır. Ən əsası sağlam ailənin kökündə ailədaxili münaqişələrin kənara çıxmaması durur. İstənilən kiçik problemi özlərinə arxayın olaraq həll etməlidirlər. Və ən əsası hər iki tərəf ailə məsuliyyətini dərk etməlidir. Ən önəmlisi qarşılıqlı güzəşt ailədə çox önəmli faktordur.
-Sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?
-Məktəblərdə gələcəyin ailəsi olan gənclərin ailə məsuliyətini və möhkəmliyini, ailə dəyərlərini dərk etməsi üçün ən azı həftədə bir dəfə təlim kimi gənclərə keçirilsə onlar bu haqda maariflənsələr zənnimcə, bu birbaşa onlar üçün atılan müsbət bir addım olar. Ən azı məktəbdə ədəbiyyat müəllimləri hər dərsin sonunda 15 dəq bu haqda danışsa zənnimcə gənclər ailə dəyərlərini və milli dəyərləri gözəl şəkildə dərk edər.
-Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
- İlk öncə nəzarət çox önəmlidir xüsusən də valideyn nəzarəti. Çünki onların bilmədən daxil olduqları linklər birbaşa onların fikirlərinə və həyat tərzlərinə təsir göstərir xüsusən yeniyetmələrdə çünki keçid dövrü yaşayırlar bu dövrdə onlara təsir etmək çox asan olur. Valideynlər uşaqlara diqqət və vaxt ayırsınlar belə olmayan təqdirdə sosial şəbəkə onların həm davranışına təsir edəcək həmdəki uşaqlarda aqressiyanın baş qaldırmasına gətirib çıxaracaq. Belə olan təqdirdə yeniyetmələr bivec, qeyri-etik şəkildə yetişəcəklər bundanda əziyyət çəkən yenədə valideynlər olacaq. Onların hətta pis vərdişlərə yiyələnmələrinə gətirib çıxaracaq.
-Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?
-Erkən nikahlar təəssüflə qeyd edə bilərəm ki, hələ də gündəmdədir. Bu cür addım atan ailələr çoxdur övladlarının istəyi olmadan onları buna məcbur edirlər. Hətta onlar buna psixoloji olaraq qəti surətdə hazır olmurlar. Uşaqlıq sevgiləri bitməmiş ailə məsuliyyətinə sövq olunurlar, bu da daha sonra həm ailədə soyuqluqa və hətta xanımlarda bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır çünki onlar fizioloji cəhətdən buna hazır olmurlar. Valideynlər "övladımın xeyir işini görüm, rahat olum gözüm arxada
qalmasın" prinsipi ilə yanaşırlar, daha sonra o ailənin gələcəkdə yaranacaq daxili problemləri nəzərə almırlar. Bu barədə məsuliyyət hər zaman kütləvi informasiya vasitələrinin, televiziya verlişlərinin üzərinə düşür, belə deyək onları silkələmək üçün. Hətta bununla bağlı valideynlərlə mütəmadi seminarlar və görüşlər keçirmək zənnimcə məsləhətli olardı. Təbii ki, özləri bunu istəməlidirlər. Onlar öz şəxsi mənafelərini güdməsinlər övladlarının şəxsi istəklərinə hörmətlə yanaşsınlar.
-Bəzi ölkələrdə orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərclər keçirilir. Sizcə, Azərbaycanda bu cür dərslərin keçirilməsinə ehtiyac varmı?
-Orta məktəblərdə məktəblilərin internetdən istifadəsi məlumat xarakterli olsa daha gözəl olardı. Onların dərk etmədikləri məsələləri vizual olaraq görmələri daha münasibdir. Onlara həyatda düzgün istiqamət götürmələri üçün sosial çarxlar göstərilsin və dərk etmələrinə səbəb olsun. Düzgün ixtisas seçimi necə olmalıdır? Bununla bağlı internetdən yararlansınlar. Ən önəmlisi uşaqlarda sual daim sual olaraq qalmasın mütləq cavablandırılsın onların sualı. Bu onlarda yanlış atılacaq addımlara təkan verər. Təbii ki, pis vərdişlərə yiyələnmək və intihar kimi.
-Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?
-Ailə dəyərlərini aşılamaq üçün bünövrə düzgün qurulmalıdır. Şəxsiyyət kimi formalaşaraq ailə qurulmalı və gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş həvalə etməli. Milli dəyərlər mütləq ailədə qorunmalıdır. Məsuliyyət birinci olaraq valideynə daha sonra tədris həyatına və sonda cəmiyyətə düşür. Və ən əsası gələcəyimiz olan uşaqlara şəxsiyyət kimi münasibət göstərmək lazımdır. Ailədə onların fikirləri, istəkləri önə çəkilməlidir. Onlara seçim azadlığı vermək daha önəmlidir bu seçim azadlığı ilk öncə özünü ixtisas seçimində daha sonra şəxsi həyat seçimində özünü göstərməlidir. Ailədə müəyyən qadağalar qoymaqla onları qadağanın şirinliyinə məhkum edirlər.
QEYD: Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB