BSU-ya yeni rektor təyin olundu

Slavyan Universitetinə yeni rektor təyin olunub. SİA-nın məlumatına görə, yeni rektor indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevadır.

N.Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.

Bu təyinata qədər Bakı Slavyan Univeristetinin rektoru Asif Hacıyev idi.

QEYD: Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Müzəffər qızı Əliyeva 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsini icra edib.

Nurlana Əliyeva orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.

Bacarıqlı təhsil işçisi olmaqla, Nurlana Əliyeva işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.

Nurlana Əliyeva Respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirir. Yeni təhsil qanununun hazırlanmasında da Nurlana xanımın zəhməti və fəaliyyəti olmuşdur.

Nurlana Əliyevanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin etmişdir. Nurlana xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.

2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.

O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.

Nurlana Əliyeva ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.

Azərbaycan Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Nurlana xanım Respublika Təhsil Nazirliyinin, Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə