Sevinc Fətəliyeva: "Demokratiya mədəniyyətin töhfəsi və nailiyyətidir"

Sevinc Fətəliyeva: "Demokratiya mədəniyyətin töhfəsi və nailiyyətidir"

"Mədəniyyət olmayan yerdə tam azadlıq və demokratiyadan danışmaq qeyri-mümkündür. Demokratiya özü bir güc forması olaraq mədəniyyətin töhfəsi və nailiyyətidir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bügünkü sessiyasında qurumun uşaqlar üzrə baş məruzəçisi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

O, çıxışı zamanı mədəniyyət və demokratiya əlaqələrinə toxunub. Bildirilib ki, bu əlaqələr təkcə demokratiyanın mədəniyyətin inkişafına yox, eyni zamanda mədəniyyətin demokratiyanın inkişafına müsbət təsiri deməkdir: "Demokratik yaşamaq qabiliyyəti cəmiyyətin bütün qatlarında əsrlər və hətta minilliklər boyu hər bir vətəndaşın milli kimliyi, fərdi mədəniyyəti və həyat tərzi əsasında formalaşır. Azərbaycan mədəniyyət və demokratiyanın birgəyaşayışının nümünəsidir. Demokratiyanın inkişafı dövlətimizdə qədim demokratik və mədəni ənənələrə əsaslanır. Azərbaycan Şərqdə ilk demokratik dövlət olaraq, qadınlara səs vermək və seçilmək hüququ verilməklə, ilk balet və operanın yarandığı məkandır. Biz həmişə bu dəyərlərə sadiq olmuşuq və belə də davam edəcək. Mədəni irsimizin qorunub saxlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir".

Millət vəkili qeyd edib ki, müstəqilliyin ilk illərində mədəni siyasətin əsas istiqaməti mədəni irsimizi sovet ideologiyasından azad etmək, marksizm-leninizm ideologiyasına uyğun olmadığından qadağan edilmiş mədəni abidələrimizin kimliyini bərpa etmək və gündəmə gətirmək olub: "Bu işin öhdəsindən uğurla qəlinib və bu gün Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən biri sayılır. Ölkəmiz Mstislav Rostropoviç Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bu tədbirlər mədəniyyətimizin qorunmasına, mədəni irsimizin gənc nəsillərə ötürülməsinə, mədəniyətlərarası dialoqun təşviqinə öz töhfəsini verir. Mədəniyyətin inkişafına və qorunub saxlanmasına gənc nəslin cəlb edilməsi ilə terrorizmin, radikallaşmanın, dini, etnik dözümsüzlüyün və onların yayılmasının qarşısını almaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə