"Qida zəhərlənməsinə görə kompensasiya ödənməlidir” Ekspert rəyi

"Qida zəhərlənməsinə görə kompensasiya ödənməlidir” Ekspert rəyi

"Azərbaycanda qida zəhərlənmələri ilə bağl problemlər qanundakı boşluqlardan qaynaqlanır. Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı qanun olsa da, qida təhlükəsizliyi və keyfiyyətini tənzimləyən qanun yoxdur". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən hazırlanan qanun müvafiq hökumət orqanlarına təqdim edilsə də, hələ ki qəbul edilməyib: "Çox təəssüf ki, bizdə vaxtı keçmiş, təhlükəli qidaların məhvetmə proseduru da yox dərəcəsindədir. Müvafiq dövlət orqanları mağazalardan təhlükəli, vaxtı keçmiş mal çıxartdıqda onu aktla satıcının özünə təhvil verir və cərimələr tətbiq edir. Satıcılar da guya həmin məhsulları aparıb, haradasa məhv etdikdən sonra aktı gətirib həmin dövlət orqanlarına verirlər. Lakin həmin məhsullar çox zaman məhv edilmir, regionlara ötürülür, saxtalaşdırılır və.s Onlar birmənalı şəkildə hökumətin biznes qurumlar üçün yaratdığı rahat, toxunulmazlıq şəraitindən sui-istifadə edirlər. Lakin bu hal yolverilməzdir".

Birlik sədri qeyd edib ki, vəziyyət tezliklə dəyişməli istehlakçı hüquqları önə çəkilərək onların maraqları birinci yerdə dayanmalıdır: "Prezident İlham Əliyev dəfələrlə ictimai nəzarətin zəruriliyini dilə gətirib.Bundan başqa, 2016-2018-ci illər insan hüquqlarına dair proqramda istehlakçı hüquqları sayəsində ictimai nəzarətin təmin olunması ilə bağlı bənd yer alıb. Bu məsələləri həll etmək üçün Azad İstehlakçılar Birliyi layihə hazırlayaraq QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmək niyyətindədir".

E. Hüseynovun fikrincə, bu sahədə digər bir problem qida təhlükəsizliyi ilə bağlı sertifikat verən orqanın müstəqil fəaliyyət göstərməməsi ilə bağlıdır: "Sertifikat verən orqan əhalinin sağlamlığının keşiyində duran Səhiyyə Nazirliyində birləşir. Hesab edirəm ki, sertifikat verən orqan müstəqil olmalıdır. Zəhərlənmə hallarında günah çox zaman istehlakçının üzərinə atılır. Mən hələ indiyədək zəhərlənməyə görə kiməsə kompensasiya ödənildiyini görməmişəm. Bəzən zəhərlənmələrdən əlil qalanlar, dünyasını dəyişənlər olur ki, onlara və ya ailələrinə kompensasiya ödənilməlidir. Kompensasiya məhkəmə iddiaları əsasında qarşı tərəfdən həyata keçirilməlidir. Çox təəssüf ki, Azərbaycanda kütləvi istehsal malından zəhərlənmələr qeydiyyata alınmır. Bu cür zəhərlənmə halı bütün dünyada mövcuddur. Misal üçün 318 milyon əhalisi olan ABŞ-da ildə 76 milyon qida zəhərlənməsi baş verir. 100 min əhaliyə 26 min zəhərlənmə düşür, 2 min ölüm qeydiyyata alınır. Fransada 63 milyondan çox insan yaşayır ki, orada da ildə 750 min zəhərlənmə, 400 nəfərə qədər isə ölüm hadisəsi baş verir. Lakin Azərbaycanda bu qərəm 1 nəfəri göstərir. Bu o dməkdir ki, statistika düzgün aparılmır"- deyə, birlik sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə