“Dövlət qulluqçuları ən yüksək maaş alan kateqoriyaya daxildirlər” AÇIQLAMA

“Dövlət qulluqçuları ən yüksək maaş alan kateqoriyaya daxildirlər” AÇIQLAMA

"Dövlət qulluqçusu əməyini, zəhmətini, biliyini və səriştəsini ölkənin inkişafına xidmət edən dəyərli kadr potensialımızdır". Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı ilə bağlı fikirlərini bildirərkən deyib.

O bildirib ki, ölkəmizdə dövlət qulluqçuları ilə bağlı müvafiq hüquqi normativ baza yaradılıb, bir neçə qanunlar qəbul edilib, onların statusları, güzəşt və imtiyazları müəyyənləşib.

Millət vəkili qeyd edib ki, dövlət qulluqçuları Azərbaycanda ən yüksək maaş alan kateqoriyaya daxildirlər: "Çünki onların zəhmətləri, məsuliyyətləri kifayət qədər yüksəkdir. Ölkəmizdə dövlət qulluqmularına xüsusi hörmət bəslənir, cəmiyyət tərəfindən əməkləri yüksək qiymətləndirilir. Ötən gün Ölkə Başçısının Dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı imzaladığı sərəncam buna bariz nümunədir. Sərəncama əsasən bir qrup dövlət qulluqçusunun statusları, vəzifə dərəcələri artırıldı, onlara adlar verildi. Bütün bunlar Azərbaycan dövlətinin onun qulluğunda duran şəxslərə diqqət və qayğısının ifadəsidir".

M. Quliyev söyləyib ki, dövlət qulluqçusu həm də cəmiyyət üçün bir meyardır: "Onların davranışı, etik hərəkətləri, mənəvi sağlamlığı cəmiyyət üçün nümunədir. Dövlət qulluqçuları göz qabağında olduqları üçün peşəkarlıqlarını, bilik və bacarıqlarını artırmaqla yanaşı, mənəvi etik normalarını göz özündə saxlamalıdırlar. Dövlət qulluqçularının peşə bayramını təbrik edir, onlara uğurlar arzu edirəm".

Xatırladaq ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə