Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin peşə seçiminə hazırlanması, onların maraq və meyllərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün cari ilin 5 ayında 56 443 gəncə peşəyönümü məsləhətləri verilib.
ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, peşəyönümü məsləhətlərinə ümumi orta məktəb məzunlarının daha çox ehtiyaclarının olması nəzərə alınaraq məşğulluq orqanlarının əməkdaşları tərəfindən əsasən orta ümumtəhsil məktəblərində bu işlər aparılır. Peşəyönümü məsləhətləri verilənlərin də 80 faizi və ya 45 154 nəfəri yuxarı sinif şagirdləri olub və onlara peşə seçimi vərdişlərinin inkişaf etdirilməsi məqsədilə peşə seçimi yolları öyrədilib.
Bundan əlavə Nazirlik respublikanın bütün şəhər və rayonlarının məktəblərini peşəyönümü məsləhətlərinin həyata keçirilməsi üçün lazımi metodiki vasitələr, anket-sorğu materialları ilə təmin edib. Eyni zamanda, gənclərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunu nəzərə alaraq onlara övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə cari ildə Bakı və Sumqayıt şəhərlərində, eləcə də 32 rayonda orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, onların valideynləri üçün peşəyönümü ilə bağlı treninqlər keçirilib.
Nazirliyin mütəxəssisləri tərəfindən gənclər peşələrin müasir növləri, əmək bazarının vəziyyəti və inkişaf perspektivləri, peşə seçimində şüurlu qərar qəbul etmənin yolları, fəal yaradıcı əməyə və yüksək peşəkarlığa nail olmağın metodları haqqında məlumatlandırılıb. Peşəyönümü üzrə anket və testlərin, müxtəlif informativ-metodik materialların tətbiqi ilə əldə edilmiş diaqnostik informasiyalar təhlil edilərək gənclərin peşəseçiminə hazırlığının səviyyəsi öyrənilib.
Milli peşəseçimi metodikası olan Tusi Profi Ekspert Sistemi vasitəsilə hər bir fərdə uyğun müvafiq peşəseçimi üzrə qiymətləndirmələr aparılıb. Gənclərə öz meyil və maraqlarına uyğun peşələr haqqında müstəqil surətdə məlumat əldə etmə yolları da öyrədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB