“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsi ictimaiyyətə təqdim edilib

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi layihəsi ictimaiyyətə təqdim edilib

"Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək "Peşəkar jurnalist" Virtual Təlim Mərkəzi layihəsini ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı-direktoru Fərhad Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgər, tanınmış telejurnalist Anar Yusifoğlu və digərləri iştirak ediblər.

Tədbirdə layihənin məqsədi və fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, "Peşəkar jurnalist" Virtual Təlim Mərkəzi gənc jurnalistlərlə əməkdaşlıq edəcək. Mərkəz peşəkar jurnalistlər, jurnalist təşkilatlarının təmsilçilərinin, müvafiq dövlət qurumlarının rəsmilərinin, KİV rəhbərlərinin və millət vəkillərinin iştirakı ilə beş günlük seminar keçirəcək. Gənc jurnalistlərə jurnalistikanın nəzəriyyəsi, televiziya və radio jurnalistikası, yeni media, foto-reportyorluq mövzusunda təlimlər keçiriləcək. Mətbuat xidmətləri ilə iş, piar işinin qurulması və digər zəruri mövzular ətrafında müvafiq görüşlər keçiriləcək. Layihənin sonunda iştirakçılar Azərbaycan Respublikası Gənclər Fondu və "Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi" İctimai Birliyinin birlikdə imzaladığı sertifikatlarla təltif ediləcək.

Mərkəz bir çox aparıcı media orqanlarında jurnalistikaya yeni başlamış gənclərin təcrübə keçməsi üçün imkanlar yaradacaq.

Daha sonra hazırda Azərbaycan jurnalistikasında olan problemlərdən söz açılıb. Bildirilib ki, ölkədə ən çox jurnalist yetişdirən təhsil ocağı Bakı Dövlət Universitetində öncələr nəzəriyyə mükəmməl öyrədilsə də, tələbələrə praktiki təcrübə aşılanmırdı. Bir müddət öncə isə Universitetdə yaradılmış labarotoriya tələbələrin praktiki biliklərə yiyələnməsi üçün önəmli addım olub.

Qeyd olunub ki, jurnalistikada vətənpərvərlik hissi ilə yanaşı, vicdanlılıq, qərəzsizlik və peşəkarlıq da önəmli amillərdəndir.

Jurnalistikanın inkişafı üçün xarici dil biliklərinin vacibliyinin qeyd olunduğu tədbirdə, bu ilin əvvəlində təmas xəttində baş verən hadisələri işıqlandırarkən Azərbaycan mediasının peşəkarlıq nümayiş etdirdiyi vurğulanıb.

Qonaqlar layihənin önəmliliyini qeyd edərək, İctimai Birliyin rəhbərliyi və işçi heyətinə uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə