Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun Azərbaycan dilinə tərcümə olunan, müəllifi olduğu "Kasıbların Bankiri (The Banker of the Poor) kitabının təqdimat mərasimi olub. SİA-nın xəbərinə görə, təqdimat mərasimində millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, media kapitanları, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BAMF-ın sədri Umud Rəhimoğlu bildirib ki, Məhəmməd Yunusun "Kasıbların Bankiri" fövqəladə gücə, qüdrətə malik kitabdır. Onun sözlərinə görə, nəşr yer üzünün əşrəfi olan insana verilən yüksək dəyər və onun uğrunda aparılan, mübarizə və mücadilələr toplusudur: "Kitabdakı Cobra kəndi yoxsulluq və səfalət nəticəsində miskin vəziyyətdə yaşayan insanlığın dramıdır"
Çıxış edən AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli söyləyib ki, Azərbaycanda Nobel mükafatçıları ilə görüşlərin təşkili artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu cür görüşlərin keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində ali məqsədə xidmət edir.
Kitab haqqında fikirlərini bildirən İsa Həbibbəyli deyib ki, nəşr yüksək səviyyədə Azərbaycan dilinə tərcümə edilib: " Bu kitab insanın maliyyə amilindən üstünlüyünün nümayişidir. Nəşr insan iradəsinin manifestidir. Özünəm inam, yorulmaz fəaliyyət, maarifçilik, böyük ümidlər kitabın əsas məğzini təşkil edir. Kitab mən də roman təəssüratı yaratdı. Ən böyük diqqətdə olan Cobra kəndi isə yoxsulluqdan tərəqqiyə doğru irəliləyən ada kimi yaddaşlara həkk olunub. kitabın Azərbaycan dilinə tərcümə edilməsi ölkəmizdə ki multikultural dəyərlərin daha bir göstəricisidir. Ermənistanın Azərbaycanın torpaqlarını işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün olması yoxsulluğun aradan qaldırılmasında bizə mane olub. 25 il ağır yol qət etdikdən sonra nəhayət ölkəmizdə yoxsulluq minimuma enib".
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında söyləyib ki, kitabda Banqladeş cəmiyyətinin aşağıdan yuxarıya doğru dəyişməsinə inam özünü göstərməkdədir: " Məhəmməd Yunus nəşrdə sözügedən cəmiyyətdə böyük inkişaf gedəcəyinə inanıb. Bu inam çox gözəldir. Çünki, Azərbaycanı hazırkı inkişaf səviyyəsinə gətirib çıxaran da məhz inamdır. Ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib".
Tədbirin davamında professor Məhəmməd Yunusa BAMF-ın Ali mükafatı təqdim olunub.
Mükafatlandırmadan sonra ürək sözlərini paylaşan müəllif kitabın Azərbaycan dilinə tərcümə edilməsindən şərəf duyduğunu dilə gətirib: "Siz üzərinizə böyük məsuliyyət götürərək kitabı Azərbaycan dilinə tərcümə etmisiniz. Kitabı yazanda inanmırdım ki, onu kimsə oxuyacaq. Lakin nəşr ABŞ-da və digər ölkələrdə ən çox satılan kitablar sırasına daxil oldu".
"Bizim arzumuz yoxsulluğun səviyyəsini 0 faizə endirməkdən ibarətdir. Azərbaycan isə bu hədəfə çox yaxındır. Biz yoxsulluğun muzeyini yaratmalıyıq. Gələcəkdə gənclərimiz yoxsulluğun nə olduğunu bilmədikdə həmin muzeylə tanış ola bilərlər. Azərbaycanda bu istiqamətdə işlərə başlanıla bilər" – deyə, M. Yunus əlavə edib.
Tədbirdə digər çıxışçılar da kitabla bağlı müsbət fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB