20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.
Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu ilin əvvəlinə olan məlumatına görə, 4009 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 56-sı uşaq, 327-si qadın, 364-ü qocadır. Azərbaycan vətəndaşlarından 1409-u erməni əsirliyindən azad edilib. İtkin düşmüş vətəndaşlardan 877-nin əsir, yaxud girov götürülməsi faktı beynəlxalq təşkilatlardan, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib.
Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Bu problemlərin həlli istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli Liderin 1993-2003-cü illərdə istər problemin siyasi yolla həlli istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Ulu Öndərin 1998-ci ildə qəbul etdiyi Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanılıb.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.
Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 94 müasir qəsəbə salınıb. 243 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Eyni zamanda, Azərbaycan Hökuməti məcburi köçkünlərin Qarabağa "Böyük qayıdış" proqramını hazırlanıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib. Ötən müddətdə qaçqınların, məcburi köçkünlərin, qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb.
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" portalı bu baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Heydər Əliyev Fondu bununla yanaşı, hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırımı qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.
Ermənistanın törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da böyük rolu var. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günündə onun təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət" kampaniyası hazırda yüzə yaxın ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsidir. Aparılan məqsədyönlü iş nəticəsində dünyanın ondan artıq ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB