Növbəti təlim kursu təşkil olunub

Növbəti təlim kursu təşkil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində "İnsan Hüquq və azadlıqları" mövzusunda təlim kursu keçirilib. SİA-nın məlumatına görə, təlim kursu "QHT İdarəetmə Akademiyası" (QİDA) proqramı çərçivəsində Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilib. Təlim kursunda ARGTMŞ-ın 12 üzv təşkilatlarının rəhbərləri, nümayəndələri və fəal üzvləri iştirak edib.

"İnsan Hüquqları və azadlıqları" mövzusunda təlim kursu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası, Avropa İnsan hüquqları Məhkəməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının əsasları haqqında gənclərə ətraflı məlumatların çatdırılması məqsədi ilə həyata keçirilib.

Təlimin ilk günündə iştirakçılara hüquqlar nəzəriyyəsinin yaradılması və inkişafı, BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlara dair və İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların siyasi hüquqlarına dair 1952ci il tarixli Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası haqqında ətraflı məlumat verilib.

İki gün davam edən təlimin ikinci günündə peşəkar təlimçi tərəfindən irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiya, Avropa İnsan hüquqları Məhkəməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının əsaslarının yaradılması, II Dünya müharibəsi, Birləşmiş Millətlər Təşkilatının yaradılması, BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt və İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, "İnsan hüquqlarını və əsas azadlıqıarının müdafiəsi haqqında" Avropa Konvensiyası, Avropa İnsan hüquqları Məhkəməsi, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının əsaslarının yaradılması həyata keçirilməsi və tənzimlənməsi kimi mövzular haqqında danışılıb. Daha sonra, gənclər təlimçi tərəfindən təşkil olunmuş qrup işlərində iştirak ediblər. Həmçinin, təlim kursunun sonunda keçirilən mövzular ətrafında müzakirələr baş tutub.

Məlumat üçün qeyd edək ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyun ayının 18-də ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Proqramda insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə isə 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları günü kimi təsis edilib.

Xatırladaq ki, may ayının 26-da ARGTMŞ-ın Hesabat-Seçki Qurultayı baş tutub. Qurultay zamanı ARGTMŞ-ın keçmiş baş katibi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Seymur Hüseynov ARGTMŞ-ın sədri seçilib. Həmçinin, Azərbaycan Skautlar Assosiyasının sədri İlyas İsmayıllı və "Gələcəyə Körpü" İctimai Birliyinin fəal üzvü Aysun Zeynalova sədr müavinləri seçilib. Daha sonra, ARGTMŞ-ın İdarə Heyəti və Mərkəzi-Təftiş Komissiyasının üzvləri müəyyən olunub. Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Təşkilat ölkənin ictimai-siyasi həyatın da yaxından iştirak edən 114 gənclər təşkilatı, 100 minlərlə gənci özündə birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə "3G" (Gənclər) strategiyasını qəbul edib. "3G" strategiyası özündə 3 əsas prioritet – gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclər təşkilatları institutlarının gücləndirilməsi istiqaməti birləşdirir və gənclərə yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə