İyunun 16-da Lənkəranda Heydər Əliyev Mərkəzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı olub. SİA-nın Cənub bürosunun məlumatına görə, 8 rayonun mədəniyyət və turizm şöbəsinin, mərkəzləşdirilmiş kitabxana sistemi əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri Lənkəran Mədəniyyət və turizm şöbəsinin müdiri Vüsal Nəsirli açaraq 2016-cı ilin ölkəmizdə prezident İlham Əliyev tərəfindən "Multikulturializm ili" elan olunduğunu, bununla bağlı Lənkəranda da ardıcıl tədbirlərin keçirildiyini, ölkəmizdə multikulturial dəyərlərə xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın Folklor institutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov multikulturalizm dəyərlərindən ibarət olan kitabın məziyyətləri barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Bu kitab "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından ilk nəşrdir. Bu seriyadan "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" adlı ikinci kitab, "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları" adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Muxtar İmanov nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinədək folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu nəşrdə insanpərvərlik, birlik, bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi öz əksini tapıb. Natiq Lənkəranın bu sırada özünəməxsus yeri olduğunu xüsusi vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov tolerant, multikultural dəyərlərin əsrlər boyu xalqımızın ənənəsində, mədəniyyətində yaşadığını deyib. BBMM-nin fəaliyyəti və qarşıda duran məsələləri işıqlandıran natiq multikultiralizm termininin yaranma tarixi, onun Azərbaycan modelinin dünya dövlətləri üçün də böyük maraq kəsb etdiyini, Dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını göstərib. O, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə Lənkəran Şəhər İcra hakimiyyətinə, rayon mədəniyyət şöbəsinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Sərraf Mirsəfəroğlu







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB