Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentin "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərarının iyunun 15-də tətbiqinə başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, bu gün amnistiya aktı 350 məhkuma tətbiq olunub. Onlardan 216-sı Bakıda, 134-ü isə ölkənin digər şəhərlərində yerləşən cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslərdir. Amnistiya aktının tətbiq olunduğu 350 məhbusdan 9-u qadın, qalanı kişidir. Onlar artıq cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdi. Amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir. Layihədə 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə dördüncü müraciətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB