"Büdcədənkənar fondlar tək Azərbaycanda deyil, başqa ölkələrdə də var. Sözgedən fond Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır". SİA-nın xəbərinə görə, bu fikirləri Vergilər nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin növbədənkənar iclası zamanı deputatların suallarını cavablandırarkən deyib.
Azərbaycanda büdcədənkənar fondlarla bağlı limitin qoylduğunu deyən nazir müavini söyləyib ki, orada xərclənən hər bir vəsait diqqət mərkəzindədir: "Vergilər Nazirliyi kifayət qədər böyük qurumdur və proqram təminatlarının, aparatların alınması üçün böyük vəsait tələb olunur. Büdcənin ilin əvvəlində təsdiqləndiyi nəzərə alsaq, büdcədənkənar fond olmasa yuxarıda sadalananları almaq mümkün deyil. Digər tərəfdən, sahibkarlıq sübyektlərində yoxlamalar 2 il dayandırılıb, ancaq bu, Vergilər Nazirliyinə aid deyil. Çünki Vergilər Nazirliyinin vəzifəsi vergilərlə bağlı yoxlamadır, büdcə dolmalıdır. Sanksiyalardan büdcədənkənar fonda daxil olan məbləğin həcmi də limiti keçə bilməz. Həm də sanksiyalardan daxil olan vəsait büdcəyə yönəldilir, daha sonra Vergilər Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir ki, həmin sanksiyalardan daxil olan vəsaitin bir hissəsi büdcədənkənar fonda ayrılsın".
S. Ələkbərov əlavə edib ki, vergi orqanları vasitəsi ilə büdcəyə daxil olan vergilərin 33 faizi əlavə dəyər vergisidir: "Əlavə dəyər vergisi o halda geri qaytarılır ki, şəffaflıq olsun və sənədlər təqdim edilsin. Həm istehsalda, həm ticarətdə şəffaflıq təmin olunacaqsa, əlavə dəyər vergisi ilə bağlı heç bir problem yoxdur. Azərbaycanda əlavə dəyər vergisi ilə bağlı mexanizm tam elektronlaşdırılıb. Əlavə dəyər vergisi dünyanın bütün ölkələrində istfadə edilir. Yeri gəlmişkən, son vaxtlar dayələrin sürücülərin və digər belə peşə sahiblərinin vergilərə cəlb olunması barədə danışırlar. Bunun inzibatçılığı o vergilərdən baha başa gəlir. Belə peşə sahibləri üçün ən yaxşı yol patent üsuludur və bu, gələcəkdə tətbiq oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB