Millət vəkili: "Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın inkişafının əsasını qoydu” AÇIQLAMA
"Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan 1993-cü ilin 15 iyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın gələcəyini müəyyənləşdirdi". Bunu SİA-ya açıqlmasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub: "Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir".
Müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının üzləşdiyi mürəkkəb vəziyyəti təhlil edən S.Qafarovanın fikrincə, əgər o zaman Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz bəlkə də, müstəqil Azərbaycan Respublikasının varlığından danışa bilməzdik: "Ulu Öndər Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, Öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, güclü şəxsi nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı Azərbaycanın başının üstünü alan təhlükələri aradan qaldırdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafının əsasını qoydu".
Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı ilə əsası qoyulan Azərbaycanın müstəqil inkişaf yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərlə müşayiət olunur: "Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan bu gün dünyanın ən qabaqcıl ölkələrindən biridir və ölkəmizin nailiyyətləri ildən-ilə daha da artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB