Deputat: "Ulu Öndərin siyasi kursu nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkələrdəndir" AÇIQLAMA
"Milli Qurtuluş Günü Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqını, dövlətini xilas etdiyi gündür. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıtması ölkənimizi parçalanmaqdan, vətəndaş müharibəsindən qorudu, dövlətçiliyimizi inkişaf etdirdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır: "Bu əsərlər siyasi tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var".
Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: "Məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".
S.Fətəliyeva vurğulayıb ki, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır: "Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB