Milli Qurtuluş milli dirçəlişin, azərbaycançılıq məfkurəsinin möhkəm və etibarlı bünövrəsi kimi böyük gələcəyə yol açır. Bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində "Böyük Qayıdışdan Milli Qurtuluşa" mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda muzeyin direktoru Ramil Orucəliyevin "Qayıdışdan Qurtuluşa", Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədovun "Xilaskarlıq missiyasının Heydər Əliyev nümunəsi", Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın "Heydər Əliyev dövlətçilik xətti günümüzdə" mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, inkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun bəhrəsidir. Bu gün Azərbaycan Respublikası görkəmli dövlət xadimi, Milli Qurtuluşun banisi Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək, böyük sabahlara doğru qətiyyətlə addımlayır.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü, ardıcıl siyasəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etibarilə kiçik Azərbaycan dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarılıb. Transqafqaz əhəmiyyətli böyük layihələrin, demək olar ki, hamısının əsas müəllifi Azərbaycandır. Müasir müstəqil Azərbaycan dövləti Milli Qurtuluş Gününün bəhrəsidir. Azərbaycanın tərkibində sürətli inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası Böyük Qayıdışın vətəni, Böyük Qurtuluşun etibarlı dayağıdır. Böyük Qurtuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə günəş doğur.
Məruzələrdən sonra elmi-praktik konfransın iştirakçıları "Azərbaycan qədər əbədi" filminə baxıb, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB