15 İyun - Milli Qurtuluş Günü münasibətilə Nərimanov rayon açıq birinciliyi keçirilib FOTOLAR
Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov keçirilən yarışın məqsədi barədə məlumat verib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıda gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər natiqlər çıxış edərək qeyd ediblər ki, Azərbaycanda atçılıq idman növü qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Azərbaycan Respublikasında atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Açılış mərasimindən sonra yarışlara start verilib. Yarışda 28 nəfər idmançı mübarizə aparıb.
Yarışda I yeri tutmuş "Hollywood IV" ləqəbli atla Səməd Əliverdiyev, II yeri tutmuş "Rodrigo" ləqəbli atla Həzrət Salayev və III yeri tutmuş "Voltram" ləqəbli atla Dünyamalı Qurbanbəyov təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB