“Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda konfrans keçirilib FOTOLAR

“Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda konfrans keçirilib FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə Gəncliyə Yardım Fondunda Bakı şəhər gənclərinin iştirakı ilə "Narkomaniyadan özümüzü qoruyaq" mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə, konfransda Baş İdarənin rəis müavini Aydın Yusifov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BŞGİBİ-nin rəis müavini Aydın Yusifov qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır: "Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan belə tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir".

Həkim-narkoloq Asif Kəngərli tibbi və sosial xəstəlik olan narkomaniyanın hazırda cəmiyyət və dövlət üçün böyük problemə çevrildiyini qeyd edərək bu məsələnin həllində maarifləndirici və profilaktiki işlərin aparılmasınının vacib şərtlərdən biri olduğunu gənclərin nəzərinə çatdırıb.

Daha sonra çıxış edən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının İşçi qrupunun rəhbərinin müavini Vasif Quliyev və Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov bildiriblər ki, "ağ ölüm"lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının, eləcə də ictimaiyyətin rolu böyükdür. Onlar bildiriblər ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Tədbirdə, həmçinin narkomaniyanın fəsadlarından bəhs edən buklet və braşurlar paylanıb, suallar cavablandırılıb, gəncləri narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə