Qloballa şəraitində cəmiyyətdə mənəvi deqradasiya halları artıb. Daha çox narahatlıq doğuran boşanmaların artması, ailədaxili konfliktlərin çoxalmasıdır. Eksperlər boşanmaların artmasında sosial şəbəkələrin rolunu xüsusilə vurğulayırlar. Ailəiçi münaqişələrin və boşanmaların artmasının səbəbi nədir? Əsas səbəb sosial şəbəkələrdirmi? Suallarımızı "Sağlam Toplum" İctimai Birliyinin sədri, tanınmış araşdırmaçı jurnalist Lalə Mehralı cavablandırır.
- Boşanma hər dövrün problemlərindən biri olub, amma dövrümüzün ən böyük problemidir. Əri ilə sözü çəp gələn boşanır, evində Wİ-Fİ-ı olmayan boşanır, qayınanası ilə yola getməyən boşanır, bəyəndiyi donu ala bilməyəndə, istədiyi yerə gəzməyə gedə bilməyəndə, qonşusunun işlətdiyi telefondan işlədə bilməyəndə də boşanırlar. Boşanmaq daha əvvəlki kimi təəccüb, təəssüf doğuran addım deyil. İndi boşanan azad və xürrəm qadın hesab edilir.
Çünki boşanmanı bizim cəmiyyətdə qadın hüquqlarının zəncirdən açılması, qapalı qalan qadının azad cəmiyyətə çıxması, istədiyi hər şeyi asanlıqla əldə edə bilməsi kimi xarakterizə edirlər. Sanki boşanan kimi hansısa bir sehrli əl o qadının qabağındakı bütün maneələri yox edir, karyerasında qızıl dövr başlayır, istədiyi qədər iş və pul imkanı əldə edə bilir.
Bunu televiziyalardakı qadın proqramları da aşılayır. Efirə ərindən boşanandan sonra işində uğur qazanmış, maddi baxımdan özünə "gün ağlamış" bir qəhrəman çıxarırlar və bütün ölkəyə nümunə göstərirlər. Ola bilər ki, o qəhrəman həqiqətən ailə problemlərindən boşanacaq qədər çox yorulub, ola bilər ki, potensialı və bacarığı olub ki, karyerasını qura bilib, maddi imkanını yaxşılaşdırıb.
Buna görə də evli olan və ailəsində kiçik söz-söhbət yaranan istənilən qadının könlündən keçir ki, boşansın, sərbəst olsun. Axı o qadınlara bütün boşananların problemləri deyilmir. Boşanmış və həyatını yenidən qurmuş bir qadının qarşısına çıxan fürsətlər bütün boşanmış qadınlar üçün keçərli deyil axı. 3 sinif oxumuş qadınlar var ki, boşanmaq arzusundadır. Səbəbi də ərinin qısqanclığı, maddi probleminin olmasıdır. Çonun normal təhsili də yoxdur. Boşanıb neyləyəcək? Ən çoxu bir dükanda satıcı, ən azı bir kafedə qabyuyan işləyəcək. Həm də məsələ təkcə maddiyatda deyil, mənəvi tərəflər əsasdır. Nəyi nəyə qurban verəcəklərini düşünə bilmirlər.
- Necə hesab edirsiniz, sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?
- Ailədə hər kəs üzərinə düşən işin məsuliyyətini dərk eləməlidir, yalnız bu halda bütövlük mümkündür. Əgər ailə başçısı səhərdən-axşamadək işləyirsə, ailəsi üçün tər tökürsə bu ailənin bütövlüyü üçün bir addımdır. Əgər qadın işdən qaçaraq evə gəlirsə, tələsik mətbəxə keçib axşam yeməyi üçün tədarük görürsə, axşam hamını bir süfrə arxasında toplaya bilirsə bu da ailə bütövlüyü üçün bir addımdır. Qazanılan pulların bir büdcədə yığılması, alınan hər əşya üçün bir-biri ilə məsləhətləşmək də ailənin bütövlüyünü, sağlamlığını qorumaq deməkdir. Ailədə böyüyən uşaqların tərbiyəsinə, təhsilinə maksimum diqqət ayırmaq da sağlam ailə modeli üçün çalışmaqdır.
- Sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?
- Düzünü desəm, məktəbin təlim-tərbiyədə əhəmiyyətli rol oynadığını düşünmürəm. Çünki buna faktiki vaxt yoxdur. Uşaqlar maksimum dərslə yüklənir, çox vaxt sinifdə çatdırmadığı dərsi, misalı evdə davam etdirir, ev tapşırığından əlavə təbii ki. Oğlumun çantasına qoyduğum piroqu əl dəyməmiş görəndə səbəbini soruşuram, "yeməyə vaxt çatdırmadım" deyir. Yəni, dərsdən sonra tənəffüsdə belə yazır, oxuyur şagirdlər. Dərsə yetməyən vaxt təlim-tərbiyə üçün yetərmi?
Əslində, şagirdlər də tərbiyə ediləcək psixologiyada deyillər, bunu da etiraf etmək lazımdır. Müəllimin dediyi hər hansı sözü evdə başqa cür çatdırır valideynə, valideyn də sabah məktəbə dava etməyə gəlir. "Mənim uşağıma qışqırmağa haqqın yoxdur", "2 yazmağa ixtiyarın çatmır", "dərsi bilmirsə uşaqların qabağında niyə utandırırsınız?" kimi iradlar bildirirlər. Yəni məktəb-valideyn iş birliyi yoxdur, bu halda hansı nizamdan, təlimdən söhbət gedə bilər?
-Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
-Uşaqların sosial şəbəkədən istifadəsinin birmənalı olaraq əleyhinəyəm. Elə öz tanıdığım ailələrin 12-13 yaşlı uşaqları sosial şəbəkələrdədir və bunu valideyninə irad bildirdikdə "uşağı çox sıxmaq olmaz, onun da sosial həyatı olmaldıır" deyirlər. Sosiallaşma onların yaşı üçün küçədə dostları ilə futbol oynamaq, məktəb yoldaşları ilə ünsiyyət qurmaqdır, sosial şəbəkə onlar üçün deyil. Burda söyüş söyən var, uşaqların yaşına uyğun olmayan paylaşımlar edən var. Üstəlik, o valideynlər 10-12 yaşlı uşağına son model telefon alıb verirsə, vəziyyətin bu cür olacağını elə əvvəldən təxmin etmək çətin deyildi.
Evdə qadağan edilsə belə uşaqlar internet kluba gedə bilir. İnternet-klublarda müəyyən yaşdan aşağı müştərilərin qəbul olunmasına məhdudiyyət qoymaq da bir tədbirdir, amma bu, yetərli deyil. Hər bir valideyn uşağının hansı saatda, harada, nə ilə məşğul olduğunu bilməli və onu lazımi formada tərbiyə etməlidir. Valideyn özü uşağa nümunə göstərə bilər - məsələn, ona kitab oxumağı, televiziyada intellektual proqramları izləməyi təbliğ edə bilər. Amma özü də əlindəki böyük planşetində sosial şəbəkədə "yatan" valideyn övladına necə örnək ola bilər?
-Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?
-Uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif əqli və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Təsadüfi deyil ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.
Dövlət nə qədər tədbir görürsə görsün, insanlar yenə bir yolunu tapıb uşaqları erkən nikaha məcbur edəcək. Nikah kəsilməyəcək, çünki 18 yaşları bitməyib, ona görə molla kəbini ilə toy ediləcək, vətəndaş nikahında yaşayacaqlar, nikahsız uşaqlar doğulacaq. Məncə həm qızlar, həm oğlanlar, həm də onların valideynləri üçün xüsusi maarifləndirici kampaniyalar keçirilməlidir, yaranacaq problemlər ən kəskin formada izah olunmalıdır. Övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlərin çoxu həm inzibati, həm də cinayət məsuliyyəti daşıdığını bilmir. Hesab edirəm ki, Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək valideynlərin məsuliyyətini artırmaq, yüksək məbləğdə pul cəriməsi tətbiq etmək də bir çıxış yolu ola bilər. Çünki bu, əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur.
Bununla yanaşı deməliyəm ki, gec yaşda evlilik də zərərlidir. ÜST-un araşdrımalarına görə, qizlar üçün ən yaxşı evlənmə yaşı- 20-25 arasıdır.
-Orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərclərin keçirilməsinə münasibətiniz necədir?
-Məktəblərə Wİ-Fİ quraşdırıb 1-ci sinif şagirdlərinin online dərs keçməsi reallaşandan sonra bunu mənasız hesab edirəm. Şagirdlərin əksəriyyəti məktəbə telefonla gəlir, parolu sındırıb dərsdə, partanın altında da istədiyi sayda istədiyi işlə məşğul olur. Məktəblərdən Wİ-Fİ-ı yığışdırmaq lazımdır. Əgər internet belə vacibdirsə qoy kabel-naqil yolu ilə tənzimlənsin. Parol olduğunu əsas gətirə bilərsiniz, indi parol sındırmaq su içmək qədər asan işdir.
Uşaqlara internetin zərərli tərəfini başa salmaq olar, amma bunu evdə valideyn də davam etdirəcəksə nəticə verəcək. Valideyn nəzarət etmirsə bu mövzuda məktəbdə verilən dərs effekt verməyəcək.
-Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?
- Qloballaşma, həmçinin inteqrasiya proseslərinin geniş, həm də sürətlə vüsət aldığı bir zamanda dəyərlərin dəyişməsi, formadan formaya keçməsi məsələsi getdikcə aktuallığını artırır. İndi Azərbaycanda da bu problem hiss olunmaqdadır. Kiminə görə yeniləşmək, müasirləşmək, kiminə görə də mühafizəkar olmaq ən yaxşısıdır. Sağlam ailənin müasirləşməsi, yeniliyə meylli olması heç də onun möhkəm və ya antimilli olmaması ilə əlaqələndirilməməlidir.
Xüsusilə yazı-pozu ilə məşğul olan bir qrup gənc Avropanı örnək götürərək bizə məxsus milli əxlaqi dəyərləri arxa plana keçirirlər. Bizə yad olan hər nə varsa həyatlarının mərkəzinə oturdurlar, o cür davranırlar. Məqsədim Avropanı tənqid etmək deyil, sadəcə onların normal hesab etdiyi bir şey bizdə qeyri-normal hesab edilir, onlara sıradan gələn bir hərəkət bizdə bir ailəni dağıtmağa belə yetir. Avropalı və ailəli bir xanım oğlan dostu ilə gecə klubuna əylənməyə gedə bilir və bu onlarda tamamilə normal hesab edilir. Eyni davranış bizdə olsa olanları təsəvvür edə bilirsinizmi?
Bizim bütün dünyada adla deyilən, həsəd aparılan ailə dəyərlərimiz, yüksək səviyyəli ailə institutumuz vardı. Təəssüf ki, toplum olaraq bu dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq. Zaman isə çox qəddardır, küləyin axınına nə çıxırsa süpürüb aparır.
Bizə xas və yad olanları bir-birindən ayırmağı bacarmalıyıq. Uşağımıza qatıq, ana, müəllim deyəndə başa düşməlidir, daha ona "yoğurt", "anne", "öyretmen" deyib başa salmamalıyıq. Uşağın dil öyrənməsi vacibdir, amma əvvəl öz dilini yaxşı bilsin. Parkda ana dilində yaxşı danışan uşaq görmək artıq bir az çətinləşib, yelləncəkdə oturan uşaq "anne, hadi sallasana beni", acan uşaq "anne acıktım", yıxılan uşaq "anne düştüm ben" deyir. Çünki hamısı türk kanallarının 24 saatlıq izləyicisidir. Uşaqlar öz dilini bilmədən başqa dil öyrənir, öz mədəniyyətini qavramadan yad mədəniyyətə meyllənir və bu da valideyni narahat etmir. Bütün bunlardan sonra milli ailə dəyərləri əlbəttə ki, aşınacaq.
Aşınmanı dayandırmaq üçün ciddi islahata, senzuraya ehtiyac var. Efirləri alaq otu kimi basan lazımsız proqramlardan, efir mədəniyyəti olmayan aparıcılardan tutmuş küçələrdəki reklam şitlərinədək hər yerdə təmizlik işləri aparmaq lazımdır. Dövlət və ictimaiyyət bu məsələdə iş birliyi etməlidir. Bayaq qeyd etdiyim kimi, məktəbdə verilən təlim evdə davam etdirilmirsə o təlimin xeyri yoxdur. Bu məsələ də eynilə elədir, dövlətin məsləhət bilmədiyini fərd də qəbul etməməlidir.
Aydın
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB