Vasif Quliyev: "Cari ilin I rübündə narkotiklərlə mübarizədə 860 fakt aşkar edilib" AÇIQLAMA
"Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhərinin və Respublikanın bir çox rayonlarında Daxili İşlər, Təhsil və Səhiyyə Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə təlim-məşğələlər keçirib". SİA-nın məlumatına görə, bunu "Narkomaniyadan özümüzü qoruyaq" movzusunda konfransda Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Vasif Quliyev deyib.
O qeyd edib ki, keçirilmiş tədbirlərdə təlim iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda nakomanlığa qarşı məlumatların yer aldığı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri, sosial videoçarxlar və digər təbliğat materialları verilib. Bildirib ki, tanınmış şəxslərin və idman ustalarının iştirakı ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış "Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!" adlı yeni sosial videoçarx "28 Mall", "MetroPark" və Park Bulvar Ticarət və Əyləncə Mərkəzlərinin bütün monitorlarında uzun müddətdir işıqlandırılır. V.Quliyev deyib ki, sosial lövhələr "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Memar Əcəmi", "Koroğlu", "Gənclik", "Nəriman Nərimanov", "Sahil", "20 Yanvar", "Nəsimi", "İnşaatçılar", "Qara Qarayev" və "Xalqlar Dostluğu" stansiyalarında quraşdırılıb və uzun müddətli nümayiş etdirilib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2015-cü il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olub ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır: "Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülüb, 2.118 nəfər isə qeydiyyatdan çıxarılıb. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2015-ci ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 727 nəfər təşkil etmişdir ki, onlardan 704-ü (96,8%) Azərbaycan vətəndaşı, 23-ü (3,2%) isə əcnəbilərdir.
Cari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 860 fakt aşkar edilib ki, onlardan 226-ı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 613-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 14-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 7-i isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 832 kq 141,596 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 226 kq 787,73 qr marixuana (27,2 %), 93 kq 340,652 qr tiryək (11,2%), 496 kq 024,312 qr heroin (59,6%), 15 kq 935,225 qr həşiş (1,9%), 53,677 qr psixotrop maddələr (0,1%) və 11798 ədəd həb təşkil edib".
Vasif Quliyev əlavə edib ki, "Xaş-Xaş 2016" şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 24 kq 012,390 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib: "Cinayət məsuliyyətinə 441 nəfər cəlb edilib ki, onlardan 39-u 18-25 yaşadək, 72-i 30 yaşadək, 330-u 30 yaşdan yuxarı, 4-ü fəhlə, 1-i qulluqçu, 386-ı işləməyənlər, 438-i kişilər, 3-ü qadınlar, 4 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 2-i İran İslam, 1-i Türkmənistan və 1-i Qazaxıstan Respublikasının vətəndaşı olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB