9 iyun – Ümumdünya Akkreditasiya gününə həsr olunmuş tədbir keçirilib FOTO

9 iyun – Ümumdünya Akkreditasiya gününə həsr olunmuş tədbir keçirilib FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 iyun - Ümumdünya Akkreditasiya gününə həsr olunmuş "Akkreditasiyanın müasir iqtisadiyyatda rolu" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd etmişdir. S.Abdullayevin sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Ümumdünya Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəliblər.

Sabiq Abdullayev ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunun daha da təkmilləşdiyini qeyd edib: "Belə ki, cənab Prezidentin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır. Müasir akkreditasiya prinsiplərini və hüquqi əsaslarını özündə əks etdirən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Qanun layihəsi 30 may 2014-cü il tarixində Milli Məclisdə qəbul edilib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı müddətdən etibarən Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən onlarla orqan, inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub. Qısa müddət ərzində akkreditasiya sahəsində əldə etdiyimiz uğurlardan biri də 2012-ci ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin olunub. Hazırda Dövlət Akkreditasiya Xidməti Avropa Əməkdaşlığı Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır"

Tədbirdə iştirak edən digər çıxışçılar son illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində akkreditasiyanın rolu haqqında danışmışlar. Bildirilmişdir ki, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danılmazdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan çıxışçılar gələcəkdə də istehlakçıların hüquqularının etibarlı qorunması istiqamətində islahatlar aparılacağını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə