Nizami rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” uğurla başa çatdı FOTO

Nizami rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” uğurla başa çatdı FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərinin Nizami rayonunda təşkil "Məktəblilərin Sağlamlıq Forumu" uğurla başa çatıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, iki hissədən ibarət Forum Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. Forumun əsas məqsədi məktəblilər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etməkdir.

Tədbiri giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyəti, ölkəmizdə həyata keçirilən ictimai səhiyyə siyasəti barədə məlumat vermişdir. Bildirmişdir ki, yeniyetmələrin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumları məktəblilərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.

Daha sonra Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri, ali dərəcəli həkim Sədaqət Vəliyeva çıxış edərək bildirmişdir ki, bu gün ölkə başçısı tərəfindən aparılan siyasət cəmiyyətdə sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaqdır.

Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının nümayəndəsi Həsən Səmədov çıxış edərək Forumun gündəliyində duran məsələlər ətrafında fikirlərini bölüşüblər.

Forumun ikinci hissəsində həkimlər - Nərgiz Cabbarova və Attila Quliyevin sağlam qidalanma, narkomaniya, siqaret əleyhinə və digər mövzulara həsr olunmuş məruzələri dinlənilmiş, video materillar nümayiş etdirilib. Daha sonra, interaktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanıb.

Qeyd edək ki, Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Səbail, Sabunçu, Nizami rayonlarında təşkil olunmuş Forum, yaxın günlərdə Xəzər rayonunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə