"Vahid formalı jurnalist vəsiqəsi"ni əldə etmək üçün jurnalist və ya onun çalışdığı redaksiya Mətbuat Şurasına müraciət etməlidir". Bu barədə SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.
O bildirib ki, jurnalistlərin vahid formalı vəsiqələrlə təmin edilməsi təcrübəsi sınaqdan çıxmış haldır və çox uğurla qarşılanıb: "Hər bir ölkədə hansısa jurnalist təşkilatı və ya medianın tənzimlənməsi üzrə ixtisaslaşmış dövlət qurumu "Vahid formalı jurnalist vəsiqəsi" verilməsi missiyasını həyata keçirə bilər. Bununla yanaşı, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu kimi beynəlxalq statuslu təşkilatlar "Beynəlxalq media kartı" da verirlər ki, bu da informasiya toplanması üçün müxtəlif orqanlara üz tutan jurnalistlərin işini xeyli asanlaşdırır. Azərbaycanda isə "vahid formalı jurnalist vəsiqəsi"nin verilməsi missiyasını media qurumlarının ən böyük və legitim təşkilatı olan Mətbuat Şurası həyata keçirir".
Vəsiqələrin müəyyən şərtləri əsasında verildiyini deyən M. Ələsgərli qeyd edib ki, fəaliyyəti həmin şərtlərə uyğun gələn şəxslər vəsiqə əldə edə bilirlər: "Vəsiqəni əldə etmək üçün jurnalist bəlli bir müddətdə çalışma təcrübəsi, peşə prinsiplərinə sadiqlik (etik kodeksə əməl etmə), peşəkarlıq, jurnalist fəaliyyətinin rəsmiləşdirilməsi (yəni iş yerlərində əmək müqavilələrinin olması) və sair kimi amillərə malik olmalıdır. Vəsiqəni əldə etmək üçün əvvəlcə fəaliyyətini MŞ tərəfindən elan edilmiş şərtlərə, standartlara uyğunlaşdırmaq, sonra sənədləri toplayıb MŞ-yə ərizə ilə müraciət etmək lazımdır. Müraciəti jurnalistin özü və ya onun çalışdığı redaksiya da edə bilər. Mətbuat Şurası məsələ ilə bağlı müraciət edən hər kəsə cavab verir".
Bütün xəbərlər Facebook səhifəmizdə