Bakıda doğum və ölüm müzakirələri

Azərbaycanda qız uşaqlarının artması üçün yeni proqram hazırlanır
Bakıda doğum və ölüm müzakirələri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüş olub. Görüşdə Azərbaycanda doğum və ölüm göstəriciləri ilə bağlı məlumatlar səsləndirilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Səlim Müslümov ölkədəki vəziyyətlə bağlı məlumat verib. Nazir bildirib ki, Azərbaycanda doğuşların sayı ölənlərin sayını 3 dəfə üstələyib. Ötən il əhalisinin sayı 112,6 min nəfər, bu ilin ilk rübündə 24,9 min nəfər artaraq 9730,5 min nəfərə çatıb. 2015-ci ildə əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7-yə enib. Gözlənilən ömür uzunluğu göstəricisi isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatıb.

Nazir doğulan uşaqların cins məsələsinə də toxunub. "Ölkəmizdə uşaq doğumunda gender disproporsiyası mövcuddur ki, bu da gələcək demoqrafik inkişafa mane olan amillərdən biridir. Belə ki, 2015-ci ildə doğulan oğlan uşaqlarının sayının qızlara nisbətinin dinamikasında 116/100 nisbəti müşahidə olunub. Cari ilin yanvar-mart ayları ərzində bu nisbət 114/100-ə enib. Bu dövrdə doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və s. tədbirlər gerçəkləşdirilə bilər", - deyə nazir açıqlayıb. Görüşdə "Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı (2016-2025-ci illər)"nın layihəsi, doğulan uşaqların cins nisbətinin pozulmasının qarşısının alınması üçün Milli Fəaliyyət Planının hazırlanması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələlərinə dair dinin (islamın) roluna əsaslanan hüquqi və siyasi çərçivəsinin formalaşdırılması məsələləri nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə