İyunun 7-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki "Dərman vasitələri haqqında" qanunda edilən dəyişikliklərlə bağlı məlumat verib. O vurğulayıb ki, ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülüb.
Bildirilib ki, əvvəllər dərman bazarında pərakəndəlik hökm sürürdü. Eyniadlı dərman vasitələri hər aptekdə fərqli qiymətə satılırdı. Amma son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatlar bu preparatların qiymətlərini nəzərəçarpacaq dərəcədə nizama salıb. Dövlətimizin başçısı İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası 900 adda dərman preparatının qiymətini tənzimləyib. Bu baxımdan "Dərman vasitələri haqqında" qanuna müəyyən dəyişikliklərin edilməsi zəruridir. Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır.
Komitə sədri eyni məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklərin təklif edildiyini bildirib. Məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitən, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələr zamanı deputatlar Musa Quliyev, Kəmaləddin Qafarov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sədaqət Vəliyeva hər iki sənədlə bağlı yeni təkliflərini səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri komitə üzvlərini maraqlandıran sualları cavablandırıblar.
Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərti ilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB