Tərtər və Ağdamda top mərmiləri aşkar edildi

Tərtər və Ağdamda top mərmiləri aşkar edildi

İyunun 7-də 5 ev və həyətyanı sahəyə, 5 əkin sahəsinə, 31 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində iki partlamamış hərbi sursat - 100 millimetrlik top mərmisi və "9M22U" qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Ağdam rayonunun Zəngişanlı kəndində 122 millimetrlik partlamamış top mərmisi aşkarlanıb. Ümumilikdə 61 min 710 kvadratmetr ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-nın iyunun 7-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursat haqqında yaydığı hesabatda bildirilir.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonunun Çəmənli, Tərtər rayonunun Şıxarx kəndlərində, Füzuli rayonunun Horadiz şəhərində əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Cəmi 46 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7–dən iyunun 7-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 585 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. 1507 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 "POMZ-2" minası və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə