"Gözəl Azərbaycan" layihəsinin təqdimat mərasimi keçirilib

"Gözəl Azərbaycan" layihəsinin təqdimat mərasimi keçirilib

"Huawei" və "Bakcell" şirkətinin birgə təşkil etdiyi "Gözəl Azərbaycan" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri və tərəfdaş şirkətlərin əməkdaşları iştirak edib.

Mərasimin açılışını edən "Huawei" şirkətinin nümayəndəsi Fərhad Rzayev "Gözəl Azərbaycan" layihəsi haqqında məlumat verib: "1987-ci ildə yaranan və dünyada telekommunikasiya üzrə lider olan "Huawei" şirkəti artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına səfər edərkən, iki ölkə arasındakı əlaqələrin vacibliyini vurğulayıb. Biz də bu amili nəzərə alaraq, belə möhtəşəm layihəni gerçəkləşdirmək qərarına gəldik.

Layihə çərçivəsində dörd istiqamətin reallaşdırılması nəzərdə tutulub: Gözəl təbiət; Gözəl mədəniyyət; Gözəl İnsanlar; Gözəl zəkalar.

Proqramın bir hissəsi olan "Gələcəyin toxumları" artıq həyata keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqə nəticəsində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Özəl Universitetində təhsil alan 6 tələbə seçilərək, Çin Xalq Respublikasın "Huawei" şirkətində istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Layihənin "Gözəl Təbiət" hissəsində fotomüsabiqə elan olunacaq. Ölkənin gözəlliyini, insanların daxili zənginliyini nümayiş etdirəcək.

"Gözəl Mədəniyyət" istiqaməti üzrə Azərbaycanın mədəni irsini nümayiş etdirmək məqsədilə Bakı və bölgələrdə tədbirlərin keçirilməsi planlaşdırılır.

"Gözəl İnsanlar" layihəsi çərçivəsində Azərbaycan xalqının məişəti, həyat-tərzi nümayiş olunacaq.

Nəhayət, "Gözəl Zəkalar" istiqamətində isə Azərbaycan gənclərinin savadı, potensialı və istedadı üzə çıxarılacaq".

Sonra "Gözəl Azərbaycan" layihəsinə həsr olunan video-çarx nümayiş olunub.

Çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov Azərbaycanda telekommunikasiya şəbəkəsinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "İnkişaf nəticəsində artıq yalnız paytaxt ərazisi deyil, bölgələr də yüksək sürətli internet şəbəkəsi ilə təmin olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə bu sahə ilə kifayətlənmir, həmçinin, bir çox layihələrin həyata keçirilməsinə dəstək olur. "Gözəl Azərbaycan" layihəsi buna misaldır. Nazirlik tərəfindən Layihənin icrası üçün lazımi şərait yaradılıb. Qeyd edim ki, "Huawei" şirkəti daim qurumun keçirdiyi bütün tenderlərdə iştirak edir. Sözügedən layihə də şirkətlə Nazirlik arasında qarşılıqlı əlaqənin göstəricisidir. Ümid edirəm ki, "Gözəl Azərbaycan" sürətlə inkişaf edən ölkəmizin gözəlliyinin incəliklərini və elementlərini üzə çıxaracaq".

Çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin bildirib ki, Azərbaycan və Çin arasında dostluq əlaqələri 24 illik tarixə malikdir. Bu illər ərzində mütəmadi olaraq, qarşılıqlı səfərlər təşkil olunub, birgə layihələrə imza atılıb. Bu həmrəylik bu gün də davam edir. Sözügedən əməkdaşlığın əsas icraçılarından biri də "Huawei" şirkətidir. Müəssisə fəaliyyətində hər zaman İKT sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə öz töhfəsini verir. Bu töhfələrdən biri olan "Gözəl Azərbaycan" layihəsinin məqsədi qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanı dünyada tanıtmaq, insanlarının, xüsusilə də gənc nəslin istedadını nümayiş etdirməkdir".

"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd edib ki, layihə həm iki ölkə arasındakı hərtərəfli əlaqələrin daha da genişlənməsinə, həm də Azərbaycanın beynəlxalq səviyyədə təmsil olunmasına şərait yaradacaq: "Layihənin təşkilatçısı olaraq, məqsədimiz Azərbaycanı sosial şəbəkələr və informasiya resursları vasitəsilə daha geniş tanıtmaq, dünyanın hər yerindən insanları bu ölkəyə cəlb etməkdir".

Çıxışlardan sonra layihənin təqdimatı gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə