"Tanrı Ramazan ayını digərlərindən fərqlənidirdi. Bu ayın fəzilətlərindən biri insanların kamilləşməsidir". Bu fikirləri SİA-ya İmam Rza məscidinin axundu Hacı Mirhəmid Məmmədov müqəddəs Ramazan ayının fəzilətləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, insanlar yalnız Ramazanda deyil, ilin bütün aylarında düzgün yaşamalıdırlar: "Lakin Ramazan ayında insanlar bir çox məsələlərə daha diqqətlə yanaşırlar. Allah Təala Ramazan ayında insanlara daha çox mərhəmət göstərərək, onları öz ziyafətinə dəvət etdi. Bu Allah bir lütfüdür ki, insanlar bu ayda tanrıya daha yaxın olub, onun rəhmətindən daha çox istifadə edə bilirlər. Hədislərimizdə göstərilir ki, mübarək Ramazan ayında Allahın rəhmət qapıları insanların üzünə açılır və insanların günahları bağışlanır. Ümumilikdə isə Ramazan ayı bağışlanmaq ayıdır. Lakin bəndənin bu yolu seçib bağışlanmasını istəməsi də əsas şərtdir".
Axund söyləyib ki, Tanrı il ərzində dəyəri, savabı, fəziləti, şərəfi min aydan artıq olan bir gün təyin edib ki, həmin gün məhz Ramazan ayındadır: "Bu ay nümunəvidir. Həzrəti Peyğəmbər Ramazan ayından əvvəl insanlara tövsiyə edərək bildirmişdi ki, qarşıdan gözəl ay gəlir, gündüz və gecələrin ən fəzilətlisi də məhz bu aydadır. Ramazan ayında Allah kəlamı nazil olub və müqəddəs ayda daha çox quran oxumaq tövsiyyə olunur. İnsanlar bu ay günahdan daha çox uzaq olurlar. Göstəricilərə əsasən, Ramazan ayında dünyada cinayətlərin sayı azalır. İnsanlar bu mübarək ayda günah etməməyə, Allaha yaxın olmağa çalışırlar. Müqəddəs ayda insanlar məscidlərə üz tutaraq, pis yollardan çəkilirlər. Bu, çox yaxşı haldır. İnsanlar ay boyunca Allah kəlamları eşidib, günahların pisliyindən xəbər tuturlar. Bu da onların əməllərinə təsir edir. Həmin şəxslər ilin başqa aylarında da pis əməllərdən uzaq olmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB