“Qurultay dünya azərbaycanlılarını ölkəmiz ətrafında sıx birləşdirəcək” ŞƏRH

“Qurultay dünya azərbaycanlılarını ölkəmiz ətrafında sıx birləşdirəcək” ŞƏRH

"Dünya Azərbaycanlılarının IV Qurultayı həm xalqımızın, həm də bütün dünya azərbaycanlılarının yaddaşında mühüm tarixi hadisə kimi qalacaq". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev qurultayın nəticələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, sözügedən tədbirin keçirilməsi bütün dünya azərbaycanlılarının ölkəmizin ətrafında birləşdirilməsində növbəti mühüm addımı oldu.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən qurultayda çıxışı ölkəmizin bütün dünyadakı diasporları üçün fəaliyyət proqramı idi: "Dövlət başçısının tədbirdə səsləndirdiyi fikirlər, verdiyi mesajlar, etdiyi tövsiyələr, dünya azəbaycanlılarını sıx birləşdirməklə yanaşı, onlar arasında inteqrasiyanı möhkəmləndirəcək, eyni zamanda ölkəmizə daha sədaqət və cəsarətlə xidmət etməyə dəvət edəcək. Ölkə rəhbəri bildirdi ki, dünya azərbaycanlıları yaşadıqları ölkənin ictimai-siyasi, sosial, eləcə də media həyatında daha fəal olmalı, həmin ölkələrin parlamentində, hökumətində, bələdiyyələrində təmsil olunmalıdırlar. Bu çox vacib mesajdır və hesab edirəm ki, Azərbaycan prezidentinin bu fikirləri ölkəmizin bir çox ölkələrdə mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq".

M. Quliyev söyləyib ki, diasporalar arasında problemlər aradan qaldırılmalıdır: "Ölkə başçısı qurultayda çıxışı zamanı daha bir məqama toxunaraq digər ölkələrdə yaşayan azərbaycanlıların bir mərkəz ətrafında birləşməsinin zəif olması, bəzən onlar arasında müəyyən konfliktlərin, qeyri-səmimi münasibətlərin olmaması ilə bağlı fikirlərini bildirdi.Təbii ki, səbəbindən asılı olmayaraq bu problemlər aradan qaldırılmalıdır. Bunun yeganə yolu Azərbaycanın səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx işləmək, həmçinin Azərbaycan hökuməti tərəfindən verilən tapşırıqları qeyd-şərtsiz yerinə yetirməkdən ibarətdir".

"Ümumiyyətlə, Azərbaycanda 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində diaspora hərəkatı yox idi. Lakin indi Azərbaycanın diaspor hərəkatı formalaşıb. Belə olan halda, müəyyən konfliktlərin olmasına təbii baxmalıyıq. İnkişaf getdikcə problemlər də aradan qalxacaq.Ölkəmizi başqa dövlətdə təmsil edən hər kəs düşünməlidir ki, onun fəaliyyəti Azərbaycanın fəaliyyəti kimi dəyərləndirilməlidir. Ölkə başçısı çıxışı zamanı xaricdə yaşayan biznes adamlarının ölkə iqtisadiyyatına sərmayə qoyması ilə bağlı da fikirlərini bildirdi. Bu məsələ onların vətənə bağlığını artırmaqla yanaşı, ölkə iqtisadiyyatına da töhfə vermiş olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda keçirilən qurultay böyük əhəmiyyət kəsb edir. Bu qurultay dünya azərbaycanlılarının ölkəmizin, bayrağımızın ətrafında sıx birləşməyə bir çağırış idi" - deyə, millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə