Amnistiya aktının tətbiqi ilə bağlı Baş Prokurorluqda seminar keçirilib
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı ilə əlaqədar iyunun 4-də Baş Prokurorluqda "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2016-cı il 20 may tarixli qərarının prokurorluq orqanlarında tətbiqi" mövzusunda seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, bu qurumun Dövlət ittihamının müdafiəsi, eləcə də Hüquqi təminat və informasiya idarələri tərəfindən təşkil edilmiş tədbirdə "Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili" mövzusunda çıxışlar olub. Çıxışlarda amnistiya aktının icrası ilə əlaqədar prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilib.

Xüsusi vurğulanıb ki, xalqımızın ümummilli ideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirib. Bu amallara sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən amnistiya aktının qəbul edilməsi Ulu Öndərin əsasını qoyduğu xeyirxahlıq ənənələrinin davamının əyani təcəssümüdür. Bildirilib ki, fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildən başlayaraq qəbul olunan amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilmişdir.
Tədbirdə, həmçinin amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 2016-cı il 20 may tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə" 2016-cı il 25 may tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Habelə prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsinin və təbliğinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilib. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədilə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.
Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlığı məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB