Əli Həsənov: "Dövlətimiz vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donordur"

Əli Həsənov: "Dövlətimiz vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donordur"

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Vətəndaş cəmiyyəti dialoqu" layihəsinin təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi layihənin gözlənilən nəticəni verəcəyinə ümid etdiyini bildirərək deyib ki, qeyri-hökumət təşkilatları hər bir demokratik cəmiyyətdə mühüm ictimai funksiya daşıyır: "İctimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.

Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Bəzi ictimai sektor təmsilçilərinin və beynəlxalq təşkilatların son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı narahatlığına toxunan Prezidentin köməkçisi deyib ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib".

Azərbaycan dövlətinin hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış etdiyini qeyd edən Ə.Həsənov bildirib ki, bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub: "Son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib. Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib. Hesab edirəm ki, bizim "Vətəndaş cəmiyyəti dialoqu" layihəsinə göstərdiyimiz dəstək də həmin siyasətə tamamilə uyğundur. Əminəm ki, bu istiqamətdə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq müsbət nəticələrini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə