Aqiyə Naxçıvanlı: "Sərəncam uşaqların sağlamlığı üçün əhəmiyyətli olacaq” AÇIQLAMA

Aqiyə Naxçıvanlı: "Sərəncam uşaqların sağlamlığı üçün əhəmiyyətli olacaq” AÇIQLAMA

"Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2016-cı il 29 aprel tarixli qanunun tətbiqi haqqında sərəncamı böyük əhəmiyyətə malikdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, sərəncama əsasən uşaqlar zərərli informasiyadan qorunacaq. Son vaxtlar ölkəmizdə uşaqlar arasında intihar, evdən qaçma hallarının çoxaldığını dilə gətirən komitə sədri söyləyib ki, sadalanan hadisələr zərərli, düzgün olmayan informasiyalar nəticəsində baş verir: "Bir çox hallarda uşaqlar onlara aid olmayan saytlara daxil olaraq ziyanlı informasiyalar əldə etməklə yanaşı, hətta filmlərə də baxırlar. Hər uşaq öz yaşına uyğun verlişlərə baxmalı əyləncələrdən istifadə etməlidir. Əvvəlki dövrlərdə uşaqlar axsam saat 9-da "Gecən xeyrə qalsın" verilişinə baxdıqdan sonra yatırdılar. Amma indi uşaqlar gecə saat 12-də gedən verilişlərə baxırlar. Uşaqlar həssas psixologiyaya malik olduqları üçün çox zaman təsir altına düşürlər. Bu baxımdan düşünürəm ki, ölkə başçısı tərəfindən imzalanan sərəncam uşaqların sağlamlığı, dünya görüşü, zehni inkişafı, biliyi üçün müsbət əhəmiyyətli olacaq".

Millət vəkilinin fikrincə, digər dövlətlərdə olduğu kimi Azərbaycanda da hər yaşa uyğun olan kanallar olmalıdır: "Hesab edirəm ki, bu sahədə ən çox məsuliyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının üzərinə düşür. Bəzən efirlərdə təqdim edilən cizgi filmlər uşaqlarda aqressiya yaradır. Milliliyi əks etdirməyən xarici cizgi filmləri uşaqlara təqdim etmək olmaz. Əvvəllər təqdim edilən Azərbaycan cizgi filmləri yenidən təbliğ edilməlidir. Efirlərdə verilişlər yaş dərəcələrinə görə olmalıdır. Bundan başqa uşaq ədəbiyyatı ilə məşğul olan yazarlar onlar üçün tərbiyəvi əhəmiyyətli kitablar yazmalıdırlar. Mehribançılıq, mərhəmət, böyüklərə hörmət kimi hisslər uşaqlıqdan aşılanmalıdır".

Ölkəmizdə "Ailə Strategiyası"nın hazırlandığını xatırladan A. Naxçıvanlı söyləyib ki, uşaqlarla bağlı məsələlər həmin sənəddə öz əksini tapacaq: "Bundan başqa Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən uşaqların hüquqları ilə bağlı yeni qanun layihəsi hazırlanır. Yeni qanun layihəsinin hazırlanmasında Qazaxıstan, Rusiya və digər ölkələrin təcrübəsindən istifadə edilir. Qanun layihəsi müsir dünyada sərhədsiz şəkildə yayımlanan informasiyaların uşaqların, yeniyetmələrin sağlamlığına, inkişafına vuracağı ziyan və təhlükənin qarşısının alınması məqsəd daşıyır".

A. Naxçıvanlı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən internet klublar xüsusi nəzarətə alınmalıdır: "Çox təəssüf ki, uşaq həmin klublarda pul müqabilində istədiklərinə baxa bilirlər. Belə klublarda nəzarət gücləndirilməli, yaşa uyğun proqramlar olmalıdır. İnternetdə uşaqların sağlamlığna və fiziki inkiafına mane ola biləcək informasiya süzgəcləri olmalıdır. İnternet həyatımızın ayrılmaz hissəsidir. Lakin burada uşaqların həyat və sağlamlığına mane olan hallar da mövcuddur. Uşaqlar belə saytlardan qorunmalıdırlar. Provayderlər uşaqlara yönəlik internet xidmətləri paketi formalaşdırmalıdırlar. Valideyn uşağa nə qədər nəzarət etsə də, internetin geniş imkanlara malik olması nəzarəti məhdudlaşdırır. Bəzən valideynlər uaşqlarının başını qatmaq üçün onlara telefon və ya planşet alır. Lakin uşağın ondan necə istifadə etməsi nəzarətdə saxlanılmır. Bundan əlavə, ölkədə uşaqlara qarşı zorakılıq hallarının tamamilə aradan qaldırılması, pis vərdişlər, erkən nikah, cinsi istismarların qarşsının alınması məqsədilə qanun təkmilləşdirilməli, uşaqlara ictimai nəzarət gücləndirilməlidir. Ölkə başçısının ötən gün imzaladığı sərəncam uşaqlarla bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsinə imkan verəcək".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2016-cı il 29 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən, qanunun 15-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir"

Bütün xəbərlər Facebook səhifəmizdə