"ASAN Viza" sisteminin yaradılması həm turizm sektorunun inkişafı, həm də ölkə iqtisadiyyatına sərmayələrin cəlb edilməsi baxımından vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu gün ölkəmizdə turizm sektoruna mane olan faktorlardan biri məhz vizanın alınması ilə bağlıdır: "Xüsusilə də Avropa ölkələrinin vətəndaşları Azərbaycan vizası almaq üçün müəyyən müddət gözləmək məcburiyyətində qalırdılar ki, bu da turistlərin, eləcə də ölkəmizə gələn iş adamlarının sayına mənfi təsir göstərirdi. "ASAN Viza" sisteminin əsas mahiyyətini onun inkişaf etmiş ölkələr, eləcə də Avropa Birliyi ilə liberallaşdırılması təşkil edir. Belə ki, Avropa ölkələrinin vətəndaşları "ASAN Xidmət"dən istifadə etməklə qısa zamanda viza almaq imkanına malik olacaqlar. Turistin qısa müddətdə viza ala bilməsi, onun ölkəyə olan marağının artmasına səbəb olan amillərdən sayılır".
V. Bayramov qeyd edib ki, "ASAN Viza" sisteminin yaradılması ölkənin biznes inkişafına da müsbət təsirini göstərəcək: "Aparılan montorinqlər göstərir ki, bəzi hallarda vizaların alınması ilə bağlı prosedur qaydalarının çox olması nəticə etibarı ilə iş adamlarının ölkəyə gəlməsini əngəlləyir. Lakin bu sistemin yaradılmasından sonra xarici iş adamlarının ölkəyə cəlb edilməsi imkanları daha da genişlənəcək, digər tərəfdən də ölkəmizə investiya qoymaqda maraqlı olan biznesmenlərin Azərbaycana tez-tez gəlməsinə şərait yaranacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, yeni yaradılacaq sistem həm ölkə turizminin inkişafına, həm də iqtisadiyyatımıza müsbət təsir göstərəcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza" sistemini yaratmaq və onun idarə olunmasını təmin etmək; "ASAN Viza" sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB