""ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı intensiv işlər aparılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
İ.Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN Kommunal" mərkəzləri çox qısa müddət ərzində təhvil verilməlidir: "Hesab edirəm ki, avqust ayı ərzində "ASAN Kommunal" mərkəzləri təhvil veriləcək".
Onun sözlərinə görə, artıq potensial yerlər müəyyən olunub və bu yerlərdə artıq hazırlıq işləri gedir.
İ.Kərimov bildirib ki, yayın sonunda vətəndaşlarımız "ASAN Kommunal" mərkəzlərindən istifadə edəcəklər.
Agentlik sədri "ASAN viza" sisteminin təsis edilməsi barədə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, sərəncama əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək: "Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə "ASAN viza" portalına müraciət edəcəklər. Portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı da həmin portaldan elektron formada almaq mümkün olacaq: "Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər".
İ.Kərimov bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək: "Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə, digər viza alma prosedurları öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Elektron viza yaxın gələcəkdə tətbiq ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB