Mayın 31-dən iyunun 3-dək Azərbaycan dəmiryolçularının MHİRK-in Nabrandakı "Lokomotiv" İstirahət Mərkəzi MMC-də Dəmiryolçuların və nəqliyyat inşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci Beynəlxalq Gənclər Forumu keçirilir. SİA-nın məlumatına görə, forumun işində MDB və Baltikyanı ölkələrin dəmiryolçularının 9 həmkarlar ittifaqından gənc 60 nümayəndə iştirak edir.
Forum iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyanın məzarı önünə gül-çiçək dəstələri düzülüb.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarət ediblər.
Forumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov tədbirin əhəmiyyətini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb. F. Bağırov çıxışına davam edərək bildirib ki, son vaxtlar Azərbaycan Dəmir Yolunun həyatında bir canlanma hiss olunur: "Hörmətli Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni mərhələ başlayıb. Dəmir yolunda aparılan islahatlar, "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşması istiqamətində işlərin sürətləndirilməsi, Astara çayı üzərində yeni dəmir yolu körpüsünün təməlinin qoyulması və xüsusilə gənc kadrların mühüm vəzifələrə təyin olunması görülən işlərin tam siyahısı deyil. Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə birlikdə fəaliyyət göstərir".
Forumda çıxış edən Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Baş katibi Gennadi Kosolapov tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə Cəmiyyət və MHİRK rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra Gennadi Kosolapovun "Dəmiryolçuların sahə həmkarlar ittifaqları hərəkatının vəziyyəti və gənclər siyasəti" mövzusunda məruzəsi dinlənilib.
İştirakçılar IV forumun qərarlarının yerinə yetirilməsi, həmkarlar ittifaqlarında gənclərlə işin təşkili, Gənclər və həmkarlar ittifaqları, həmkarlar ittifaqlarına üzvlüyə qəbul zamanı müasir texnologiyaların tətbiqi; Mən həmkarlar lideriyəm, gənc kadrların istehsalata uyğunlaşması; Stress menecment, həmçinin əyani tədris vasitələrinin köməyi ilə həmkarlar ittifaqlarının işində gənclər siyasəti işinin təhlili kimi məsələlər ətrafında müzakirələr aparacaqlar. Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Tədbir çərçivəsində idman yarışlarının, milli mədəniyyət axşamlarının keçirilməsi planlaşdırılır. Həmçinin Bakının tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB