Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı birgə 28 may – Respublika Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisəsində tədbir keçiriblər.
Görüşün mahiyyətinə və mənəvi tərəflərinə toxunan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ölkəmizdə hər qəbildən, xüsusən də fiziki və əqli qüsuru olan uşaqlar və böyüklər üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.
S.Vəliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizdə bütün sahələrə göstərilən diqqətin böyük önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmişə uşaqlara diqqət və qayğı ilə yanaşıb. 2009-cu ilin Prezident İlham Əliyev tərəfindən "Uşaq ili" elan edilməsinin də bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən Milli Məclisin deputatı ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu cür xeyriyyə işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Fiziki və əqli qüsuru olan uşaqlar qarşısında çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova və başqaları da onları bayram münasibətilə təbrik edib, xoş arzu və niyyətlərini çatdırıblar. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır.
İnternat evinin rəhbərliyi onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə, qonaqlara dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, internat evi 1974-cü ildən fəaliyyət göstərir. Burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.
Vurğulanıb ki, fiziki və əqli qüsuru olan uşaqların daha çox mənəvi dəstəyə ehtiyacları var. Onların da məhz belə bir ehtiyacını bu cür qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən internat evinin direktoru YAP tərəfindən davamlı şəkildə onlara bu cür qayğıların göstərildiyini də diqqətə çatdırıb.
İnternat evinin sakinlərinə xüsusi bağlamalar və oyuncaqlar hədiyyə olunub. Maraqlı konsert və şən klounların proqramları ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB