"2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi çox şəffaf hazırlanıb". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Elmira Axundova qanun layihəsinin müakirəsi zamanı çıxış edərkən deyib.
Millət vəkili layihənin müsbət tərəfləri ilə yanaşı, çatışmazlıqların olduğunu da dilə gətirib.
"Ötən il ölkəmizdə neft gəlirlərinin azalması arzuolunmaz olmasa da, qeyri- neft sektorunun inkişafına müsbət təsir göstərib. Belə ki, ötən il qeyri-neft sektorundan gələn gəlirlər 16.3 faiz artıb. Bu, çox müsbət rəqəmdir. Bütün bunlar göstərir ki, dövlət vəsaitləri daha səmərəli, effektli və qənaətlə sərf edilməlidir. Respublikada eyni funksiyanı icra edən qurumlar, şöbələr birləşdirilə bilər. Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, bu prosesə artıq start verilib və davam etidirilir. Ötən ilin büdcəsinin icrasına baxdıqda elə sahələr var ki, onlar üzrə vəsaitlər sərf olunmayıb. Misal üçün səhiyyə, təhsil sahəsində vəsaitlər 100 faiz istifadə edilməyib. Bu məsələlərə diqqət etməliyik. Ölkəmizin inkişafında mühüm olan digər sahə kənd təsərrüfatıdır ki, bu sahəyə daha da diqqət edilməli, onun inkişafına dəstək olunmalıdır".
Millət vəkili çıxışı zamanı xarici ölkələrdə çalışan diplomatların pensiyalarının artırılması təklifi ilə çıxış edib. O bildirib ki, xaricdən qayıdan diplomatların pensiya məsələsi əsas problemlərdən biridir: "Başqa ölkələrdə çalışan səfirlərimiz ölkəmizə qayıdıb pensiyaya çıxanda məlum olur ki, onların pensiyaları yaşayış minimumundan biraz artıq olur. Ümumiyyətlə, ölkəmizdə xarici işlər nazirliyinin işçilərinə az təqaüd ayrılır. Bu, xoşagəlməzdir. Hər kəs bilir ki, səfir işi o qədər də asan deyil. Onlar uzun illər ailədən uzaq düşür, Respublikanın imicini şərəflə qoruyur, dövlətimizə ləyaqətlə çalışırlar. Ölkəmizdə pensiyalar əhəmiyyətli dərəcədə artmaqdadır. Deputatlar, dövlət qulluğunda, hərbi sahədə çalışanlar yüksək pensiya alırlar. Bu baxımdan düşünürəm ki, diplomatiya sahəsində çalışanların da pensiyaları yüksək olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB