Akademik Vəli Axundovun 100 illiyi qeyd olunub FOTOLAR - SƏS TV

Akademik Vəli Axundovun 100 illiyi qeyd olunub FOTOLAR - SƏS TV

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın həqiqi üzvü, görkəmli ictimai-siyasi xadim Vəli Axundovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, yığıncaqda elm xadimləri, akademiyanın müxbir üzvləri, hökumət və media nümayəndələri iştirak edib.

Tədbirin açılışını edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ictimai xadimin tibb elminin inkişafındakı rolundan danışıb: "Vəli Axundovun Azərbaycan səhiyyəsinin yeni tendensiyalara yiyələnməsində xidmətləri əvəzsizdir. Görkəmli elm xadimi hələ birinci katib vəzifəsində çalışdığı müddətdə işinin öhdəsindən yüksək peşəkarlıqla gəlməyə müvəffəq olmuşdur". Akademik çıxışında Vəli Axundovun siyasi fəaliyyətinin çox mürəkkəb dövrə təsadüf etməsinə baxmayaraq, daim ölkənin mənafeyini düşünən, Vətənini sevən şəxsiyyət olduğunu vurğulayıb.

Çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik -katibi Əhliman Əmiraslanov bildirib ki, Vəli Axundov parlaq keçmişə sahib səhiyyə və elm təşkilatçısıdır: "Vəli Axundovun 100 illik yubileyi ölkə başçısı İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən qeyd olunur. Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub. İlk təhsilini Saray kənd məktəbində alıb. O, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam edərək, Bakı Sənaye Texnikumuna daxil olub və 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnib. İctimai xadim 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olub. O, İnstitutda oxumaqla yanaşı, ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1949-1952-ci illərdə Azərbaycan SSRİ səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olan Vəli Axundov bu müddətdə tibb elminin yeni mərhələdə inkişafı naminə fəaliyyət göstərib. Bu uğurlu fəaliyyətin nəticəsi olaraq, o, Azərbaycan SSRİ səhiyyə naziri vəzifəsinə layiq görülüb. Vəli Axundovun tibb elminə verdiyi ən böyük töhvə yoluxucu xəstəliklərin araşdırılması idi. O, uzun illər apardığı tədqiqatı nəticəsində özündən sonra məktəb qoymuş görkəmli elmi xadim olub".

Vəli Axundovun hakimiyyətdə olduğu illərdə ölkədə baş verən dəyişikliklər haqqında siyasi fakt və mənbələrə istinad edərək məlumat verən millət vəkili, elmlər doktoru, professor Musa Qasımlı ictimai-siyasi xadimin dövlətçilik tariximizin bir parçası olduğunu vurğulayıb.

Tədbir AMEA-nın müxbir üzvlərinin məruzə çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə