Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Xanif Atmarın başçılığı altında nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. DSX-dan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Daha sonra Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi cənab Mohammad Atmar Dövlət Sərhəd Xidmətinin Aparatında qarşılanıb. Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.
Azərbaycan Respublikasının dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib. Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Əfqanıstan nümayəndələrinə ətraflı məlumat verilib.
Qeyd edək ki, səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB