Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Prezidenti ölkəmizin qonağıdır
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Prezidenti, Dünya Evangelist Alyansının Ruhanilər Komissiyasının icraçı sədri və insan haqları səfiri, professor Tomas Şirmaxer və din sosiologiyası professoru Timisora Şirmaxer Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar. SİA-nın verdiyi xəbərə görə, komitə sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, dövlətin din sahəsində yürütdüyü siyasət barədə ətraflı məlumat verib.
Ölkəmizdə bütün dinlərin nümayəndələrinin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşadığını vurğulayan komitə sədrinin müavini Azərbaycandakı mövcud tolerant və multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.
Hazırda bəzi müsəlman ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan Səyavuş Heydərov deyib ki, bu münaqişələrin həlli məqsədilə onun yaranma səbəbləri dərindən araşdırılmalı, o cümlədən, İslam dininin siyasi maraqlar naminə istifadəsinin qarşısı alınmalıdır. O bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit qlobal təhlükəsizlik baxımından dünyaya töhfə verə biləcək səviyyədədir. Dini zəmində baş verən münaqişələrin qarşısının zor və silah yolu ilə alınması mümkün deyil.
Tomas Şirmaxer Azərbaycana səfərdən məmnun olduqlarını, respublikamızda mövcud olan multikultural mühit barədə geniş məlumat əldə etdiklərini bildirib. O, bəzi Avropa ölkələrində hökm sürən qeyri-multikultural mühit barədə faktlarla geniş məlumat verərək bildirib ki, bu kimi hallar insan haqlarının məhdudlaşması ilə nəticələnir. Hər iki qonaq bu istiqamətdə birgə tədbirlərin görülməsində, Azərbaycan təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını deyiblər.
Görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB