Ramazan ayı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmilərinin, rayon icra hakimiyyətlərinin məsul şəxslərinin, habelə QMİ-nin bölgələrdəki səlahiyyətli nümayəndələrinin və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə görüş keçirilib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkəmizdə milli mənəvi sahədə görülən işlər, mövcud vəziyyət müzakirə olunub.
Tədbirdə bildirilib ki, Azərbaycan dövləti siyasi, iqtisadi və digər sahələrdə qazandığı uğurlarla yanaşı, milli mənəvi dəyərlərin inkişaf etdirilməsi istiqamətində də böyük işlər görür. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, ölkəmizdə dövlət siyasəti qismində həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən fəal təbliğ edilən multikulturalizm ideyası, tolerantlıq sayəsində milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin tamhüquqlu vətəndaşı kimi bütün hüquq və azadlıqlardan yararlanır, öz milli və dini tələbatlarını həyata keçirir.
Görüşdə həmçinin, dünyaya örnək olan, müsbət təcrübə kimi dəyərləndirilən multikultural həyat tərzimizin bəzi qüvvələrin xoşuna gəlmədiyi, ölkəmizə qarşı yalan və böhtan kampaniyaları təşkil olunduğu və dezinformasiyalar yayıldığı qeyd olunub.
Xüsusilə vurğulanıb ki, Azərbaycanda heç zaman milli və dini zəmində qarşıdurma olmayıb və olmayacaq. Xalq-dövlət birliyinin möhkəm olduğu, milli azlıqlar, habelə dindarlar üçün dövlət tərəfindən bütün lazımi addımların atıldığı, onların maddi və mənəvi tələbatlarının ödənildiyi, Konstitusiyamızda təsbit olunmuş bütün hüquq və azadlıqlarının, ölkənin ictimai həyatında fəal iştiraklarının təmin edildiyi Azərbaycanın tolerantlıq və multikulturalizm modeli bütün dünyaya örnəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB