"Gənclik və qlobal çağırışlar" mövzusunda konfrans keçirilib FOTOLAR

"Gənclik və qlobal çağırışlar" mövzusunda konfrans keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAPGB) təşkilatçılığı ilə İYDU (İnternational Young Democrat Union), ICAPP (İnternational Conference of Asian Political Parties), DEMYC (Democrat Youth Community of Europe) arasında keçirilən "Youth and global challenges" "("Gənclik və qlobal çağırışlar") mövzulu konfransın sessiyaları öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda 9 ölkəni təmsil edən nümayəndələr məruzə ilə çıxış ediblər.

Konfransda çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, hazırda dünyada çoxsaylı qlobal təhdidlər beynəlxalq sülh və sabitliyə qarşı çoxsaylı təhlükələr yaratmaqla yanaşı, yeni çağırışlar da ortaya çıxarır: "İlk növbədə, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Ayrı-ayrı ölkələr və xalqlar, müxtəlif mədəniyyətlər, bütövlükdə, bəşəriyyət üçün getdikcə daha ciddi təhlükə yaradan təhdidlərdən biri də terrordur. Dünyanın müxtəlif guşələrində ən ağlagəlməz ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. Qısa müstəqillik tarixinə malik Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Azərbaycanın dövlət müstəqilliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı elan olunmamış müharibə aparan Ermənistan çıxış edir. Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib. Dünyadakı müəyyən güc mərkəzlərinin havadarlığı sayəsində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edib, bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Artıq neçə illərdir ki, Ermənistan işğal altındakı nəzarətsiz ərazilərdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin, narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edir. Əlbəttə, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Bu kontekstdə ölkə gəncləri də işğal edilmiş ərazilərin azad edilməsi üçün öz üzərlərinə düşən vəzifəni yetirməyə hazırdırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müxtəlif Dövlət Proqramlarının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.

Hesab edirəm ki, bu, həm uğurlu gənclər siyasətinin həyata keçirilməsində, həm də gənclərin müasir qlobal çağırışlara adekvat cavab verməsində müstəsna önəm kəsb edir".

Tədbirdə məruzə ilə çıxış edən İYDU-nun sədri Başir Uardini dünyanın 1,5 milyondan çox insanının təhlükəli bölgələrdə yaşadığını vurğulayıb: "Bu gün bəşəriyyət erkən nigah, narkomaniya, işsizliklə sınağa çəkilən gənclərin problemləri ilə qarşı-qarşıyadır. Dünya gənclərinin 40 faizi-425 milyonu işsizlikdən əziyyət çəkir. Gələcəkdə qarşıya çıxacaq problemlərin həlli yolu məhz gənc nəslin potensialı ilə bağlıdır. Buna görə də, belə məsələlərin həllinə həssas yanaşmaq lazımdır.

Əslində, bizim hər birimiz qlobal səviyyədə dünyaya eyni çağırışla səslənirik. Unutmayaq ki, dünyanın ən böyük sərvəti neft və qaz ehtiyatı deyil, insan resursudur.

Hesab edirəm ki, bura qlobal səviyyədə hələ də təmsil oluna bilməyən ölkələr üçün səmərəli platformadır. Dünyada demokratiyadan uzaq qalan saysız ölkələr olduğu vaxtda, Azərbaycanda hələ 100 il bundan öncə demokratiya ənənələri formalaşmağa başlamışdır. Bunu nəzərə alsaq, o zaman Azərbaycanı müsəlman dünyası üçün uğurlu nümunə modeli qəbul etmək olar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (ATGTİ) Şahin İsmayılov çıxışında bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycanın müasir müstəqillik tarixinə nəzər salsaq, gənclərin özlərini təsdiqləmək üçün geniş yer verildiyini görmək mümkündür: "1990-cı illərin əvvəllərində torpaqlarımızın düşmənlər tərəfindən işğalının nəticəsində 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra ölkədə aparılan ilk islahat Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Bu, Ümummillli Lider Heydər Əliyevin gənclərə olan qayğısının ilk göstəricisi idi. Xüsusilə qeyd edim ki, Azərbaycan Gənclər Fondu dünyada yeganə qurumdur ki, hər gəncə 5000 manata qədər vəsait ayıraraq, onlara fərdi şəkildə öz layihələrini gerçəkləşdirmək imkanını verir.

Bu faktlar ölkədə qarşıya çıxacaq qlobal problemlərin həllində gənclərə olan güvənin əyani nümunəsidir".

Rəhbərlik etdiyi təşkilatın 50 ildən çoxdur ki, humanizm prinsipləri əsasında fəaliyyət göstərdiyini vurğulayan DEMYC-un sədri Havyer Hurtado Azərbaycanın birgəyaşamın ən gözəl nümunəsi olduğunu ifadə edib: "Sevindirici haldır ki, bu gün bəşəriyyət müxtəlif qütblərin nümayəndələrinin fikir mübadiləsi apara bildiyi arenaya çevrilib. Hazırda sosial medianın fəal olduğu dünyada gənclərin qarşısında duran əsas vəzifə ölkələrin ənənələrinə hörmətlə yanaşmaq, azad şəkildə özlərini ifadə etməkdir.

Müxtəlif dəyərlərə sahib insanların bir arada toplaşması gənc nəslin yeni istiqamətdə formalaşması baxımdan böyük əhəmiyyətə malikdir".

Konfransda məruzə ilə çıxış edən İCAPP-ın sədri Rikardo Pozzi bildirib ki, 2011-ci ildə rəhbərlik etdiyi qurumda 19 dövlət təmsil olunduğu halda, bu gün təşkilat dörd ölkə ilə birgə fəaliyyət göstərir: "Hesab edirəm ki, bunun başlıca səbəbləri dünyada yaşanan qlobal böhran və bizim fikirlərimizi kifayət qədər ifadə edə bilməməyimizdir.

Bunu nümunə olaraq qəbul etsək, belə nəticəyə gəlmək olar ki, qlobal problemlərin mütəşəkkil şəkildə həll olunması üçün Avropa İttifaqında yeni fəaliyyət üfüqləri yaradılmalıdır. Bu da gənc nəslin üzərinə düşən vəzifədir. Əks halda bir sıra dünya əhəmiyyətli məsələlərin həllində bir nəticə əldə edilməyəcək. Bu baxımdan hesab edirəm ki, digər ölkələrin gəncləri bir-biri ilə qarşılıqlı ünsiyyət qurub siyasi problemlərin həllində ortaq məxrəcə gəlməyi bacarmalıdır. Belə konfransların təşkil olunması məqsədə doğru gedən ən aparıcı və səmərəli istiqamətdir".

Məruzələrdən sonra konfransın ikinci sessiyası öz işinə başlayıb. Konfransda Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi pluralism və parlament təcrübəsi" mövzusu üzrə məruzələrlə çıxış ediblər.

Üçüncü sessiyanın sonunda Bakı bəyannaməsinin qəbulu baş tutub.

Üçtərəfli görüş bağlanış nitqləri ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə