“Sağlam ailə modelini qorumalıyıq” MÜSAHİBƏ

Mübariz Göyüşlü: “Problem təkcə sosial şəbəkələrlə bağlı deyil”
“Sağlam ailə modelini qorumalıyıq” MÜSAHİBƏ

Suallarımızı "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü cavablandırır.

- Son illərdə ölkəmizdə boşanma hallarının artması ciddi narahatlıq doğurur. Bununla bağlı həyata keçirilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu az deyil. Ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu nə qədərdir? Sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı tədbirlər görülməlidir?

-Təəssüf ki, sosial şəbəkələr son zamanlarda ailələrimizin dağılmasında ciddi rol oynamaqdadır. Sosial şəbəkələrin bəzi hallarda qarşılıqlı etimadsızlıq və inamsızlıq faktorunu gücləndirməsi, bəzi hallarda ona olan həddən çox aludəçilik ailə daxilində gərginliklərə, narahatlıqlara səbəb ola bilir. Sosial şəbəkələrin aldadıcı məqamları var ki, bu da ona aludə olan adam üçün əlavə problemlər deməkdir. Əlbəttə problemin birmənalı şəkildə yalnız sosial şəbəkələrlə bağlı olduğunu söyləmək də düzgün olmaz. Burada sosial problemlərin mövcudluğu, valideynlərin və digər qohumların gənc ailələrin həyatına müdaxiləsi və s. digər məqamlar da var. Amma sosial şəbəkələrə görə də çoxsaylı ailələrin dağılması, çoxsaylı ailələrdə problemlərin yaranmasını müşahidə edirik son dövrlər. Fikrimcə bununla bağlı ictimaiyyət vacib və zəruri tədbirlərin, maarifləndirici, təbliğat xarakterli işlərin keyfiyyətini və sayını yüksəltməlidir.

- Necə hesab edirsiniz, sağlam ailə modelini qoruyub saxlamaq üçün hansı addımlar atılmalıdır?

- Əslində bu istiqamətdə çoxsaylı işlər görülür. İstər dövlət qurumları olsun, istər QHT-lər, istər media təbliğat xarakterli, maarifləndirici işlər həyata keçirirlər. Sadəcə olaraq kütləvi mədəniyyət adlandıra biləcəyimiz, ailə modelinin və dəyərlərinin dağıdılmasına hesablanan təbliğat elə bir qlobal miqyas alıb ki, ona qarşı duruş gətirmək çox çətindir. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı qurum olaraq üzərinə böyük iş düşür. Komitə ictimaiyyətin yaxından dəstəyi ilə gördüyü işlərin keyfiyyətini və sanbalını daha da artırmalıdır. Əgər məsləhət olarsa bizlər də bu prosesdə ön sıralarda yer almağa hazırıq. Nümunəvi ailələrimizi, ailə dəyərlərimizi, ailənin müqəddəsliyini, onu qoruyub saxlamağın önəmini, yollarını gənclərimizə başa salmalıyıq. Ailə qurmaq asandır, amma onu layiqli bir şəkildə davam etdirmək, nümunə ola biləcək bir cütlük olmaq çətindir. Gənclərimizə bu çətin və məsuliyyətli işin önəmini anlatmaq lazımdır, onlara bu işdə mənəvi-psixoloji dəstək olmalıyıq.

- Sağlam ailə modelinin qorunub saxlanmasında məktəbin rolu nə qədərdir?

- Məktəblərimiz hər bir məsələdə olduğu kimi bu məsələdə də xüsusi əhəmiyyət daşıyırlar. Məktəbdə verilən tərbiyə, təhsil bir ömür boyu uşaqların, yeniyetmələrin yaddaşına həkk olunur. Amma açıq danışsaq hazırkı durumda məktəblərimizin bu işin öhdəsindən layiqincə gələ bildiklərini söyləmək çox çətindir. Əlbəttə ki. Fədakar müəllimlərimiz var, onlar bu işdə bəzən əllərindən gəlməyənləri də etməyə çalışırlar. Amma bu çox azdır. Problemin həlli üçün kompleks yanaşma olmalı və işlər vahid bir proqram çərçivəsində görülməlidir. Məktəblərdə təbliğat gücləndirilməli, zərərli təsirlərə qarşı tədbirlər çoxaldırlmalıdır. Bu barədə təhsil ekspertləri daha sanballı təkliflər verə bilərlər, amma düşünürəm ki, ailə dəyərləri ilə bağlı dərsliklərimizdə olan məqamların sayı artırıla bilər, bu məsələyə daha çox diqqət ayrıla bilər.

- Sosial şəbəkələrin uşaq psixologiyasına mənfi təsirini aradan qaldırmaq üçün hansı işlər görülməlidir?

- Mən düşünürəm ki, burada əsasən ailələrin özləri tərəfindən övladlarına nəzarət edilməlidir. Hərgah bəzi məqamlarda valideyinlər də bunun zərərli təsirlərini aradan qaldırmaqda acizlik çəkirlər. Amma övladının gələcəyini düşünən ata-ana bu işə ciddi önəm verməlidir. İnternet, sosial şəbəkələr hələ formalaşmamış, həyat təcrübəsi olmayan uşaqlarımızın psixologiyasında çox mənfi izlər buraxa bilir. Cəmiyyət də bu məsələyə əhəmiyyət verməlidir, qarşılıqlı olaraq lazım olan işlər görülməli, addımlar atılmalıdır.

- Erkən nikahların qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac varmı və bu işlər hansı çərçivədə həyata keçirilməlidir?

- Maarifləndirmə tədbirlərinə hər zaman ehtiyac var. Bunsuz bu problem daha da kəskin şəkil ala bilər. Hərgah ötən müddət ərzində bizlər çalışmalarımıza rəğmən bunun qarşısını o qədər də ala bilməmişik. Amma bununla belə maarifləndirmə işləri fasiləsiz olaraq davam etdirilməlidir. Erkən nikahlar daha çox təhsil, bilik səviyyəsinin aşağı olduğu, informasiyanın məhdud olduğu yerlərdə, ailələrdə özünü büruzə verir. Ona görə də məncə bu problemdən birdəfəlik yaxa qurtarmaq üçün təhsilin, elmin səviyyəsini daha da yüksəltməyə, onun daha geniş şəkildə yayılmasına çalışmalıyıq.

- Orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərslərin keçirilməsinə münasibətiniz necədir?

- Mən bunu çox yaxşı qiymətləndirirəm. İnternetlə bağlı nə qədər çox maarifləndirici tədbirlər, dərslər keçirsək məncə bir o qədər faydalı ola bilər. Sadəcə olaraq bunu etməmişdən əvvəl bir konseptual yanaşma olmalıdır. Birmənalı şəkildə internetdən istifadənin mənfi olmasını qeyd etmək də düzgün deyil. Sadəcə olaraq nəyin yanlış, nəyin doğru olması kimi ümumi məqamları dəqiqləşdirib onları uşaqlarımıza izah etməliyik.

- Qloballaşma və Avropaya inteqrasiya şəraitində milli ailə dəyərlərinin qorunub saxlanması üçün toplum və dövlət olaraq hansı tədbirləri görməliyik?

- Ailə dəyərlərimizin məhv olmaması üçün dövlət və ictimaiyyət olaraq əl-ələ verib ciddi çalışmalar həyata keçirməliyik. Çünki ailə dövlətin mini modelidir. Dövlət də, cəmiyyət də bu ailələrdən formalaşır. Əgər ailələrimizdə problemlərin sayı artan xətlə gedərsə bu öz təsirini dövlətimizin və cəmiyyətimizin birliyinə də göstərə bilər. Ona görə də fikrimcə bizlər cəmiyyət olaraq dövlətimizin bu istiqamətdə gördüyü işlərə ciddi dəstək olmalı, əlimizdən gələnləri əsirgəməməliyik.

Aydın

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə