“Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi”

“Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi”

Göyçay şəhərində "Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" keçiriləcək. SİA-nın məlumatına görə, "Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

"Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" layihəsinin çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq. Layihə iştirakçıları turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizm və s. istiqamətlər üzrə maarifləndiriləcək.

Layihənin Göyçay şəhərində iyun ayı ərzində keçirilməsi planlaşdırılır. Layihədə iştirak edəcək 20 gənc üçün təşkil edilən təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

- Turizm işinin təşkili

- Yerli və beynəlxalq turizmin qarşılıqlı vəhdəti

- Etik davranış qaydaları

- Motivasiya və uğur formulu

- Liderlik bacarıqlarının formalaşdırılması

- Natiqliq və ünsiyyətin qurulması

- Bədən dili

- İctimaiyyətlə əlaqələr

Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı və ya təşkilatçısı və Ukraynada, Türkiyədə, Polşada, Almaniyada, Moldovada, Rusiyada və Qırğızıstanda olan beynəlxalq tədbirlərdə istər "Youth in Action", istərsə də digər sahəli forum və seminarlarda ölkəmizi layiqincə təmsil edib.

Xatırladaq ki, Gələcəyə Doğru TTGİB-in həyata keçirdiyi "İnformasiya Beyinləri Düşərgəsi", "Regionlarda Məktəblər arası İT" yarışması, "Menecmentlik Praktikada", "Gələcəyin İxtisas Sahibləri" layihələri çox böyük kütlələri əhatə edib və ölkə miqyasında işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə